Mən heç yerdə öz adımdan deməmişəm ki, o qadın və həkim həmin kişini aldadıb. Mən Ali Məhkəmənin saytında olan qərarı tapmışam. İctimaiyyətə açıq olan bir qərardır. Düzdür, qərarda onların adları göstərilməyib. Belə də olmalıdır, lakin həkimin adı var. Şəffaf bir şeydir.
Bu sözləri Axar.az-a tanınmış vəkil Əkrəm Həsənov türkiyəli ginekoloq, süni mayalanma mütəxəssisi Öndər Tulumbacının onu məhkəməyə verməsinin səbəbləri haqqında danışarkən deyib.
“Həkimin iddia etdiyi kimi, ona qarşı heç bir böhtan olmayıb, sadəcə, Ali Məhkəmənin qərarına münasibət olub. Mən Məhkəmənin qərarını Feysbukda dərc etmişəm. Hadisələri olduğu kimi danışmışam. Demişəm ki, kişi həkim və qadının onu aldatdıqlarını iddia edib. Kişi istəyib ki, süni mayalanma nəticəsində uşaq özündən olsun, amma qadın həyat yoldaşından deyil, başqa donordan əkiz uşaqlar dünyaya gətirib. Qadın və həkim isə deyib ki, həyat yoldaşının bundan xəbəri olub və yazılı razılıq verib. Amma razılıq ərizəsini məhkəməyə təqdim edə bilməyiblər. Səbəb isə o göstərilib ki, əməliyyatın həyata keçirildiyi klinika bağlanıb və sənədlərin harda olduğu bilinmir. Buna baxmayaraq, Ali Məhkəmə qərar verib ki, kişi razılıq ərizəsini vermədiyini sübut etməlidir. Bu əsasda da qərar kişinin xeyirinə çıxmayıb. Mən də bu hadisələri olduğu kimi yazmışam. Öz adımdan yox, məhkəmə qərarına istinadən”.
Vəkil qeyd edib ki, Ali Məhkəmənin qərarını düzgün hesab etmir və bununla bağlı fikirlərini yazmaq kiməsə böhtan atmaq deyil:
“Ali Məhkəmənin qərarını düzgün hesab etmirəm. Çünki məhkəmə sübutetmə yükünü kişinin üzərinə qoyur. Axı insan necə etmədiyini sübut etsin? Əgər kişinin razılığı olubsa, göstərsinlər. Mən Ali Məhkəmənin bu mövqeyini tənqid etmişəm və ərizə yoxdursa, kişinin xeyrinə qərar çıxmalı idi. Ortada böhtan da yoxdur, buna baxmayaraq, həkim Tulumbacı məni məhkəməyə verib. Guya mən onu “fırıldaqçı”, ”dələduz” adlandırmışam. Demişəm ki, məhkəmə qərarını pulla, rüşvətlə alıb. Mənim yazımda elə bir şey yoxdur. Özündən uydurmalar edib və məhkəməyə müraciət edib”.
Qeyd edək ki, Ö.Tulumbacı xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə müraciət edib və vəkilin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsini tələb edib.