Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü

11:46 2 Mart 2024

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in Baş katibi Helqa Maria Şmid ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında qeyd edilib.

Görüş zamanı, Azərbaycan-ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib.

Azərbaycanla-ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

Azərbaycan və Ermənistan arasında mövcud sülh və normallaşma gündəliyində olan son proseslərdən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən müxtəlif platformalarda səsləndirilən anti-Azərbaycan xarakterli bəyanatların, eləcə də həyata keçirilən son təxribatların Ermənistanın səsləndirdiyi sülh ritorikası ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbər xətti