Bakı ilə Bağdad arasında ilk konsulluq məsləhətləşmələri...

13:13 2 Mart 2024

Martın 1-də Azərbaycan Xarici İşlər Nazirliyi ilə İraq Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Sitat.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İraq Respublikasının nümayəndə heyətinə isə, İraq Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Ahmed Ali Ameen Al-Sadi rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İraq Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi, məhkum olunmuş şəxslərə zəruri konsulluq yardımının göstərilməsi sahəsində səylərin gücləndirilməsi, o cümlədən məhkum olunmuş şəxslərin verilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi mövzularında müzakirələr aparılıb.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsi aparan tərəflər, həmçinin iki ölkə arasında miqrasiya, ədliyyə və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bağdad şəhərində keçirilməsinə dair razılıq əldə olunub.



Xəbər xətti