UNESCO-nun Beynəlxalq Qadınlar Günü ərəfəsində dərc edilmiş hesabatı göstərir ki, qızların təhsilinə qoyulan sərmayə son iyirmi ildə böyük dividendlər qazandırıb. İndi məktəbə getməyən qızlar (122 milyon) oğlanlardan (128 milyon) azdır və ən son rəqəmlərə görə, dünyada ali təhsildə hər 100 kişiyə 114 qadın düşür.
Sitat.info xəbər verir ki, təşkilatın hazırladığı “Onun təhsili, bizim gələcəyimiz” adlı hesabatda müxtəlif regionlarda və ölkələrdə qızların təhsili ilə bağlı vəziyyət təhlil edilib.
Sənəddə deyilir: “1995-ci ildə Pekin Fəaliyyət Platforması ölkələri təhsildə gender ayrı-seçkiliyini aradan qaldırmağa çağırdı. UNESCO-nun bütün dünyada qızların və qadınların təhsil hüquqlarını araşdıran interaktiv aləti olan “Her Atlas” proqramına görə, bu gün 105 ölkə öz konstitusiyalarında həmin diskriminasiyanı qadağan edir”.
Hesabatda diqqətə çatdırılıb ki, qlobal rəqəmlərin arxasında ciddi problemlər də qalmaqda davam edir. Qızların məktəbdən kənarda qalma səviyyəsinin ən yüksək olduğu on ölkə Əfqanıstan və doqquz Afrika dövlətidir. Onlardan səkkizində məktəbyaşlı qızların yarıdan çoxu təhsildən kənarda qalıb, Əfqanıstanda isə onların 75 faizi məktəbə getmir.
UNESCO qeyd edir ki, son 5 ildə ev təsərrüfatları sorğularına heç də bütün ölkələr cavab verməyiblər. Təşkilat ən yoxsul qızların vəziyyətini nümayiş etdirmək üçün 10 ölkəni seçib. Məlumatlar göstərir ki, həmin 10 ölkədə məktəbyaşlı ən yoxsul gənc qızların 10 nəfərindən ən azı 7-si məktəbə getmir. Qvineya və Malidə, demək olar ki, heç bir yoxsul qız təhsilə cəlb edilməyib və bu, onları məktəbə getməsi rəsmən qadağan edilən əfqan qızlarla eyni əlverişsiz vəziyyətə salır. Mozambikdə məktəbdə hər 100 oğlana 53 qız düşür. Maddi vəziyyət təhsildəki bərabərsizlikdə daha böyük amildir. Ən yoxsul ölkələrdən biri olan Kot-d’İvuar məktəblərində hər 100 oğlana 22 qız düşür.
Gender amili elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində təhsil və karyera qurmaq ehtimalının ən mənfi amili olaraq qalır. 2019-cu ildən STEM-də iştirak edən təhsil sistemlərinin 87 faizində 8-ci sinif oğlanları qızlara nisbətən riyaziyyatla əlaqəli peşəyə yiyələnməyə daha çox həvəsli olublar.