Bu günlərdə 40 minə qədər taksinin ləğv olunmasının istənildiyini eşitdik.
Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, Bakı şəhərində ictimai nəqliyyatı normallaşdırmadan buna yol vermək olmaz:
“Ən azından bunun üçün bizə Avropa standartlarına uyğun götürsək, 3000 avtobus lazımdır. İctimai nəqliyyat normallaşdırılmadan taksi fəaliyyətinin məhdudlaşdırılmasına yol verilməməlidir”.
Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov yaydan bu yana taksilərin sayının 67 mindən 60 minə qədər azaldığını, Bakıda olan adam sayına görə isə 20 minə qədər taksiyə ehtiyac olduğunu deyib.