Borçalıya qapını açın, çünki orda İran qapımızı bağlayır

17:15 27 Mart 2024

Rusiyanın Moskva vilayətində “Krokus Siti Holl” konsert zalında baş verən terror aktından sonra Azərbaycanda quru sərhədlərin açılmamasını təqdir edən yazılara və sosial şəbəkələrdə sərhədlərin bağlı qalmasına haqq qazandıran çoxlu sayda statuslara rast gəlinir.

Üstəlik, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının və Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi planlaşdıran şəxslərin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa olunaraq, həbs olunması da ölkəmizdəki təhlükəsizlik məsələlərini bir daha yenidən gündəmə gətirdi.

Eyni vaxtda Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin transmilli cinayətkar qruplaşmanın üzvü olan beş Azərbaycan vətəndaşını həbs etməsi, Rusiyanın müxtəlif şəhərlərində yenidən terror həyəcanı, Türkiyənin 30 vilayətində İŞİD terror təşkilatına qarşı eyni zamanda genişmiqyaslı əməliyyatların keçirilməsi və əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfərin saxlanılması beynəlxalq səviyyədə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirdi.

Bu gün artıq Avropa dövlətləri artan bu terror dalğası fonunda təhlükəsizlik tədbirlərini gücləndirir, strateji obyektləri və səfirlikləri ciddi qoruma altına alır. Belə bir vəziyyətdə Azərbaycanın təhlükəsizlik durumunu daha da artırması, dövlətə sızmış ciddi informasiyaları dövətimizin və xalqımızın maraqları çərçivəsində bir daha yenidən nəzərdən keçirməsi vacib və məntiqlidir. Çünki Cənubi Qafqaz hər zaman olduğu kimi bu gün də ən qaynar regionlardan biridir və yəqin ki, uzun müddət də belə qalacaqdır.

Odur ki, dövlətimizin təhlükəsizliklə bağlı aldığı qərarlara anlayışla yanaşmalıyıq və bu tədbirlərin həyata keçirilməsində yardımçı olmalıyıq.

Amma regionumuzda bu təhdidlər hər zaman mövcud olub. Hətta torpaqlarımızın işğalı zamanı, İranın ciddi təhdidləri olanda belə quru sərhədlərimizin bağlanmasını vacib hesab etməmişik. Doğrudur, quru sərhədlərimizin bağlanması bütün dünyada baş verən anda qonşu dövlətlərlə paralel olaraq bağlanıb. Sərhədlərin açılması isə hər dövlətin öz maraqları çərçivəsində mümkün oldu.

Azərbaycanın quru sərhədlərinin açılması da Azərbaycan dövlətinin maraqları çərçivəsində uyğun zamanda və təhlükəsizlik məsələlərinə uyğun açılmalıdır.

Nəzərə alsaq ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək, demək ki, təhlükəsizlik baxımından quru sərhədlərin açılması da bu tarixdən sonra reallaşa bilər.

Bəs quru sərhədləri qismən də olsa, kontrollu bir şəkildə açmaq mümkündürmü? Ən azı bunu qonşu Gürcüstanla reallaşdırmaq mümkündürmü? Təbii ki, mümkündür!

Əvvala qeyd edim ki, quru sərhədlərimiz Gürcüstanla birtərəfli qaydada bağlıdır. Yəni Gürcüstan vətəndaşları öz ölkələrinə geri dönərkən Azərbaycan sərhəddindən quru yolu vasitəsilə çıxış edə bilirlər. Giriş isə yalnız hava yolu ilə mümkündür. Azərbaycan vətəndaşları isə hər iki tərəfə yalnız hava yolundan istifadə edə bilərlər.

Sirr deyil ki, Azərbaycanda yüz minlərlə Gürcüstan əsilli Azərbaycan vətəndaşı yaşayır və onların bu gün Gürcüstanda yaşayan soydaşlarımızla çox sıx qohumluq əlaqələri mövcuddur. Eyni zamanda qarşılıqlı olaraq Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanda olan yaxınları ilə xeyirdə, şərdə bir araya gəlmək məcburiyyətində qalırlar.

Belə olan halda quru sərhədlərin bağlı qalması problemi yüz minlərlə insana öz təsirini göstərmiş olur. Azərbaycan hökuməti bu problemi həll etmək üçün soydaşlarına xüsusi bir imtiyaz və yanaşma göstərə bilməzmi?

Məsələn, Nazirlər Kabineti yanında Operativ Qərargahın nəzdində Hökumət Portalında qeydiyyata alınmaqla icazəli bir şəkildə soydaşlarımızın gediş-gəlişinə şərait yaradıla bilər. Sui-istifadənin qarşısını almaq üçün bu icazənin özünə belə məhdudiyyətlər tətbiq etmək mümkündür. Əgər bu məsələni də reallaşdırmaq mümkün görünmürsə, hava yolundan qarşılıqlı istifadə zamanı soydaşlarımıza limitli olaraq güzəştlər tətbiq oluna bilər, aviaşirkətlərin qiymətləri əlçatan etməsi üçün müəyyən addımlar da atılmalıdır.

Təhlükəsizlik məsələsini yalnız sərhədlərimizin içərisində deyil, ondan kənarda da qurmalıyıq. Bu gün Gürcüstanda yaşayan yarım milyondan çox soydaşımızın İrana daha rahat gedib-gəlməsi, yaxud İranın Borçalıya çox rahat bir şəkildə girə bilməsi bizim üçün də gələcək təhlükəsizlik məsələlərinin tərkib hissəsi ola bilər. Əmin olaq ki, bizim uzaq qaldığımız yerlərdə biriləri bizim yerimizi doldurmağa çalışır. Quru sərhədlərimizin uzun müddət bağlı qalmasının bir də bu fəsadlarının olacağını nəzərə almalıyıq.

//Axar.az



Xəbər xətti