İsraildə baş nazir Binyamin Netanyahu hökumətinə qarşı və Qəzza zolağında israilli məhbusların ailələrinə dəstək məqsədi ilə keçirilən kütləvi nümayişlərdə yüz mindən çox insan iştirak edərkən, Qərbi Qüdsdə nümayişçilər magistral yolda nəqliyyatı kəsib, od yandırıb və polislə qarşıdurmalara başlayıblar.
Sitat.info xarici mediaya istinadla xəbər verir ki, İsraildə Benyamin Netanyahu hökumətinə qarşı etirazlar və Qəzza zolağından israilli məhbusların gətirilməsi üçün HƏMAS ilə razılaşma tələbi ilə keçirilən etirazlar şənbə günündən sonra bazar günü gecə saatlarında daha da güclənib. Nümayişlərin diqqət mərkəzində İsrail parlamentinin yerləşdiyi Qərbi Qüds olub. Qəzza zolağında israilli məhbusların qohumlarının tərəfdarları və Netanyahu hökumətinin istefasını tələb edən yüzmindən çox insan İsrail parlamentinin ətrafındakı yolları və meydanları doldurub.
Netanyahu əleyhdarı qruplar baş nazir Netanyahuya xitabən “Məsuliyyətsizsiniz, günahkarsınız”, “Məhkum mübadiləsinə indi razılaşın”, “seçkilər keçirin” kimi şüarlar səsləndirərək hökumətin istefasını tələb ediblər.
Digər tərəfdən, Qərbi Qüdsdə keçirilən nümayişlər zamanı ölkədəki ultra-ortodoks yəhudilərin (Haredi) məcburi hərbi xidmətə qatılmasını tələb edən qruplar Haredilərin yaşadığı Mea Şearimdə də yürüş ediblər. Bəzi Haredimlərlə buradakı qruplar arasında qarşıdurma zamanı dava-dalaş yaşanıb.
Qərbi Qüds, Təl-Əviv, Netanyahunun şəxsi iqamətgahının yerləşdiyi Qeysəriyyə və şimaldakı Kfar Səba şəhəri də daxil olmaqla, onlarla yerdə keçirilən nümayişlərə minlərlə insan qatılıb.
Küçələrdə etirazların davam etdiyi bir vaxtda Netanyahu mətbuat konfransında erkən seçki tələblərinin İsraili 8 ay ərzində “iflic vəziyyətinə salacağını” və “HƏMAS-ın bu vəziyyətdən ən çox məmnun olacağını” deyib.
Məğrur,
Sitat.info