“Müdafiə Nazirliyinin Hərbi Hospitalı mənə xidmətə yararsız olmağımla bağlı sənəd verib. Həmin sənədə görə, orduda xidmət edə, gizir və ya MAXE işləyə bilmərəm. Mənə qoyulan diaqnozla nə sürücülük vəsiqəsi əldə edə bilərəm, nə haradasa satıcı işləyə bilərəm. Buna baxmayaraq, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mənə deyirlər ki, sağlamsan və əlillik dərəcəsi verməkdən imtina edirlər”.
Bu sözləri Qafqazinfo-ya Vətən müharibəsi qazisi Rəsul Hüseynli bildirib. Füzuli istiqamətindəki döyüşlərdə ağır yaralanan qazi müharibədən gələndən bəri səhhətindəki problemlərlə mübarizə aparır: “Partlayış oldu, nə vaxt ayıldığım yadımda deyil, bir də gözümü Füzuli xəstəxanasında açdım. Orada müalicə alıb təzədən döyüşə qayıtdım. Son günə qədər də döyüşmüşəm. Sol baldır nahiyəmdən yaralanmışam, başımdan ağır travma almışam. Bir həftə ərzində nə danışmışam, nə də eşitmişəm. Yavaş-yavaş dilim və qulağım açıldı. Hazırda Bakıda 2 saylı Psixiatriya Xəstəxanasında müalicə alıram”.
Qazi bildirir ki, əlillik təyinatı ilə bağlı ötən ilin dekabrında müraciət edib: “Yalnız beş aydan sonra müraciətimə cavab verildi və imtina edildi. Məndən yüngül diaqnozu olan döyüş yoldaşlarım var ki, onlara əlillik verilib. Əgər əlillik dərəcəsi verilirsə, hamıya verilsin. Dövlət mənə fotostudiya qurmaq üçün avadanlıqlar verib, heç onların ağzını aça bilməmişəm. Çünki normal müalicə ala bilmirəm deyə özümdə deyiləm.
Aylıq 70-80 manat təkcə dərmanlarımın puludur. Mütəmadi olaraq psixiatrik dərmanlar içirəm. Əlillik bir yana, kodda səhvlik olduğuna görə veteranlıq da ala bilmirəm, o da qalıb may ayına...”
Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, qazi Rəsul Hüseynli Agentlikdə əyani müayinə olunub: “Bakı şəhər sakini Hüseynli Rəsul Hüseyn oğlu martın 15-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Onun sağlamlıq vəziyyətinin müayinəsi zamanı anamnestik məlumatlara əsasən, medikamentoz müalicələrinin effektiv olduğu, hazırda yüngül posttravmatik stress pozuntusu əlamətləri qeydə alınsa da, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlərinin olmadığı müəyyən edilib. Bu səbəbdən əlillik təyinatından imtina edilib”.
Qeyd edək ki, bundan əvvəl də qazi Rəsul Hüseynlinin sosial problemlərinin olması, müalicə xərclərini qarşılaya bilməməsi ilə bağlı xəbər yayımlamışdıq. “YAŞAT” Fondundan saytımıza qazinin müvafiq sənədlərinin olmaması səbəbindən ona köməklik etməyin mümkün olmadığı bildirilmişdi.
Gülnar Əliyeva