Rusiyanın Ukraynaya hücumları davam edərkən, Buça şəhərindən mülki vətəndaşların həlak olması ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Buça meri Fedoruk dəhşətli qırğının təfərrüatlarını açıqlayıb.
SİTAT.İNFO xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Buça bələdiyyə başçısı Anatoli Fedoruk, Buçada tapılan cəsədlərin 85 faizində güllə yaralarının aşkar edildiyini açıqlayıb.
Anatoli Fedoruk bildirib ki, bu fakt Rusiyanın mülki əhalini məqsədli şəkildə qətlə yetirməsinin sübutudur.
O, həmçinin bildirib ki, şəhərdə Müqəddəs Apostol Endryu kilsəsinin yaxınlığında yerləşən kütləvi məzarlıqdan cəsədlərin çıxarılması üzrə işlərbu gün başa çatacaq.
Xatırladaq ki, Ukraynanın paytaxtı Kiyevin şimal-qərbində yerləşən Buçada Rusiya qüvvələrinin bölgədən çıxarılmasından sonra çoxlu mülki vətəndaşın cəsədi tapılıb.
Rusiya isə mülki şəxslərin kütləvi şəkildə öldürüldüyünü təkzib edərək, görüntülərin uydurma olduğunu, cəsədlərin sonradan küçələrə qoyulduğunu bəyan edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Buça şəhərində ortaya çıxan görüntüləri təxribat kimi şərh etmişdi: "Buçadakı görüntülər saxtadır, bizə qarşı informasiya hücumudur. Qərb və Ukrayna uydurma görüntüləri sosial mediada yayıb. Qərb Ukraynadakı humanitar vəziyyətlə bağlı spekulyasiya etməyə çalışır. Rusiya Federasiyası bu təşəbbüsü sülh və təhlükəsizliyə təhlükə yaradan təxribat hesab edir".
Səid İsaoğlu
SİTAT.İNFO