"Bu ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 8 milyard 555 milyon manat olub. Bu dövrdə xərcləmələrin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, qalanı isə digər mallarının alınmasına sərf olunub".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı Vüqar Bayramov deyib.
O bildirib ki, xərcləmələrin strukturunda diqqəti çəkən məqam içkilər və tütün məmulatların alınmasına yönəldilən vəsaitin həcmidir: "İlk 2 ayda vətəndaşlar bu məqsəd ilə 440.4 milyon manat xərcləyiblər. Bu o deməkdir ki, vətəndaşlar tərəfindən içkilər və tütün məmulatların alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənir. 2024-cü ilin ilk 2 ayında kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına isə cəmi 109 milyon manat xərclənib. Yəni, Azərbaycanda içki və tütün məhsullarına kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınması ilə müqayisədə hər ay 4 dəfə çox pul xərclənir".
Deputat önəmli bir məqama diqqət çəkib: "Oksford Universitetinin son tədqiqatlarına görə, dünya əhalisinin ən azı 8 faizi tütün məhsullarının, 5 faizi isə spirtlik içkilərin istehlakından dünyasını dəyişir. Kompüterlər və telekommunikasiya avadanlıqları isə innovasiya və elmin inkişafı baxımından çox vacibdir. Belə görsənir ki, biz elmdən daha çox ölümə pul xərcləyirik".
Seymur,
Sitat.info