İranda qanlı hücumun şok səbəbi açıqlandı

15:45 5 Aprel 2024

“Ceyş əl-Ədl” silahlı təşkilatının aprelin 4-də Sistan və Bəlucistan əyalətinin Çabahar, Rask və Sərbaz şəhərlərində hərbi və polis mərkəzlərinə silahlı hücumu barədə irəli sürülən versiyalarda əsas amillərdən biri unudulur.

İran rəsmiləri ənənəvi olaraq hücumun xarici dövlətlərin göstərişi və dəstəyi ilə həyata keçirildiyini, hücumçuların isə muzdlu olduqlarını iddia edir. Ancaq bu, “Ceyş əl-Ədl”in bəyanatlarında təkzib edilir, bunun etnik və sünni bəluclara qarşı ayrı-seçkilik siyasətinə, milli və dini azlıqlara edilən zülmə cavab olduğu bildirilir.

Sistan və Bəlucistanda silahlı qarşıdurma və hücumlar isə İran hakimiyyətinin etnik sünni bəlucların kompakt yaşadığı ərazilərdə yeni şəhərlərin salınmasını nəzərdə tutan “Məkran sahillərinin inkişafı layihəsi”nin təsdiqindən sonra daha da artıb.

“Məkran sahillərinin inkişafı layihəsi” nədir?

“Məkran” İranın cənub şərqində, etnik bəlucların kompakt yaşadığı, Oman dənizi və Fars körfəzi sahillərinin 1000 kilometrini əhatə edən ərazilərə deyilir. İran hökuməti “Məkran sahillərinin inkişafı layihəsi” çərçivəsində Oman dənizi və Fars körfəzi sahillərində 27 şəhər və yaşayış məntəqəsinin tikintisini aparır.

Həmin layihənin icrası cari ilin fevral ayının 1-də hər biri 10 min yaşayış binasından ibarət olan iki yeni şəhərin salınmasının açılış mərasiminin keçirilməsi ilə başlayıb. Qarşıdakı illərdə daha 25 şəhərin salınması və ümumilikdə 7 milyon insanın bu şəhərlərə köçürülməsi nəzərdə tutulub.

İran hökuməti rəsmi elan etməsə də, müxtəlif mənbələr həmin şəhərlərə Əfqanıstan və Pakistandan Tehran hökumətinin təsiri altında olan “Fatimiyyun” və “Zeynəbiyyun” şiələrinin köçürülməsinin planlaşdırıldığını deyirlər. Əfqanıstan və Pakistandan olan İrana bağlı adıçəkilən radikal “Fatimiyyun” və “Zeynəbiyyun” şiə qruplaşmaları isə bir neçə ölkədə, o cümlədən İraq və Suriyada Tehran hakimiyyətinin maraqları uğrunda mübarizə aparır. Hər iki qruplaşma birbaşa SEPAH və Əli Xameneinin ofisinin nəzarəti altında fəaliyyət göstərir. İran hökuməti adıçəkilən qruplaşmalardan ölkə daxilindəki etirazların yatırılması, müxalif cərəyanlara qarşı mübarizədə də istifadə edir.

“Ceyş əl-Ədl” və başqa bəluc təşkilatları İran hakimiyyətinin Əfqanıstan və Pakistan şiələrini yeni salınan 27 şəhərdə məskunlaşdırmaqla, bu bölgələrin etnik tərkibini dəyişdirmək istədiyini bildirirlər. Bununla yanaşı, Tehran bölgədə şiələrin sayını artırmaq, sünnilərin sayını azaltmağı nəzərdə tutur.

Maraqlıdır ki, hökumət adıçəkilən bəluc torpaqlarına şiələri köçürməklə eyni vaxtda, Sistan və Bəlucistanda yaşayan sünni bəlucların bir hissəsini türkmənlərin kompakt yaşadığı Gülüstan (Türkmənsəhra) əyalətinə köçürür. Bu plan əsasında Gülüstan əyalətinin bir neçə bölgəsində yeni yaşayış yerlərinin salınmasına başlanılıb, onlarla yaşayış yerinə on minlərlə bəluc köçürülüb.

Bu, hakimiyyətin Qərbi Azərbaycan əyalətində cəmiyyətin etnik tərkibinin dəyişdirilməsi üçün Azərbaycan torpaqlarına kürdlərin köçürülməsi və ya köçmələrinə şərait yaratması ilə oxşardır. Dinc şəkildə etirazlarını ifadə edən azərbaycanlılardan fərqli olaraq, bəluclar Tehran rejiminin etnik tərkibin dəyişdirilməsi siyasətinə daha fərqli və aqressiv formada reaksiya verir.

“Ceyş əl-Ədl” təşkilatı son hücumu ilə bağlı yaydığı bəyanatda silahlı hücumun İran rejiminin “Məkran sahillərinin inkişafı layihəsi”nə etiraz və müqavimət olduğunu bəyan edib.

Qeyd edək ki, aprelin 4-də "Ceyş əl-Ədl" təşkilatı Çabahar, Rask və Sərbaz şəhərlərində SEPAH, “Bəsic” bazaları və polis bölmələrinə hücum edib. Rəsmi məlumata görə, hücum nəticəsində 13 təhlükəsizlik üzvü, 18 silahlı bəluc həyatını itirib. “Ceyş əl-Ədl” isə 168 nəfərlə həyata keçirdiyi əməliyyatda 200 hökumət qüvvəsini öldürdüyünü, özünün isə 18 üzvünün həlak olduğunu iddia edib.

//Axar.az



Xəbər xətti