Bayramov BƏƏ-nin yeni səfiri ilə görüşdü

21:23 15 Aprel 2022

Aprelin 15-də xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildiriblər ki, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

C.Bayramov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında birgə tarixi, mədəni, dini bağlara əsaslanan və möhkəm təməl üzərində qurulan əlaqələrin son 30 il ərzində əhəmiyyətli inkişaf yolu keçdiyini məmnunluqla qeyd edib. İki dövlət arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğu, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Səfir Məhəmməd Əl Bluşi BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın salamlarını Ceyhun Bayramova çatdırıb. O, Azərbaycanda diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini ifadə edib.

Tərəflər ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən alternativ enerji, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, mədən sənayesi, azad iqtisadi zonalar və digər istiqamətlərdə inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov səfirə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə iki ölkə arasında normallaşma prosesi və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışları barədə məlumat verib.

Səfir Məhəmməd Əl Bluşinin fəaliyyətinin Azərbaycan ilə BƏƏ arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə inam ifadə olunub, öz növbəsində Azərbaycan tərəfinin bütün lazımi dəstəyi göstərməyə hazır olduğu vurğulanıb.



Xəbər xətti