Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb.
Bu barədə Sitat.info-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13A, mənzil 42 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Yasir Oqtay oğlu Əliyevə məxsus “Qat-Qat Cake Shop” şirniyyat mağazasında plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Qida obyektinin satış vitrinində istifadə müddəti bitmiş tortlar aşkarlanıb. Həmçinin baxış zamanı temperatur rejiminə əməl olunmadığı, bəzi tortlarda isə aşkar kiflənmə əlamətləri müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək istehlaka yararsız məhsulların satışının qarşısı alınıb.