Sudan qeyri-qanuni istifadə halları aşkarlandı

16:00 18 Aprel 2024

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Bakının Suraxanı rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.

Agentlikdən Axar.az-a verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yeni tikilmiş apartman tipli binanın su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, binanın su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti və layihəsi var. Lakin obyektin sahibi texniki şərtin icrası öhdəliyini və tələblərini yerinə yetirməyib. Əksinə, binanın əsas su xəttini layihədə nəzərdə tutulan nöqtəyə deyil, başqa istiqamətdən özbaşına, şəbəkəyə müdaxilə etməklə birləşdirib.

Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsində bir sahibkara məxsus market, aptek, zoomağaza və ət satışı obyektlərində də suyun talanması aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan şəbəkəyə qanunsuz olaraq qoşulub.

Hövsan-Türkan yolu üzərində yerləşən marketdə də oxşar vəziyyət aşkarlanıb. Marketin su təchizatı qanunsuz çəkilmiş xətt vasitəsilə aparılıb. Bülbülə qəsəbəsində yeni inşa olunan mebel sexinin sahibi texniki şərt almadan və müqavilə bağlamadan obyektin su xəttini özbaşına şəbəkəyə qoşub.

Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Qeyd edək ki, cari ilin birinci rübündə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Suraxanı rayonunda 76, ümumilikdə isə 1250 fakt aşkarlanaraq qarşısı alınıb. İiçməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə yolverilməzdir. Bu əməlləri törədən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.



Xəbər xətti