İlham Əliyev 4 fərman imzaladı

17:13 19 Aprel 2024

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sitat.info fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 251.9-cu maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin üçüncü cümləsində, 253-1.10-cu, 253-1.15-ci, 253-1.16-cı, 446.2-2-ci və 448.6-3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 253-1.15-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 253-1.15-ci maddəsinə uyğun olaraq, üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 251.9-cu maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin üçüncü cümləsində, 253-1.10-cu, 253-1.16-cı, 446.2-2-ci və 448.6-3-cü maddələrində nəzərdə tutulmuş “orqan (qurum)” barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. üçüncü abzasa “Məcəlləsinin” sözündən sonra “251.9-cu maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin üçüncü cümləsində, 253-1.10-cu, 253-1.15-ci, 253-1.16-cı, 446.2-2-ci, 448.6-3-cü,” sözləri əlavə edilsin;

3.2. beşinci – iyirmi üçüncü abzaslar müvafiq olaraq altıncı – iyirmi dördüncü abzaslar hesab olunsun və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“həmin Məcəllənin 253-1.15-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1950 (Cild I) ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndində “təhsil haqqında dövlət sənədinin” sözləri “sənədin” sözü ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.9-cu bəndinə “Milli Məclisi,” sözlərindən sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman),” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 218 (Cild I) ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na aşağıdakı məzmunda 4.16-cı bənd əlavə edilsin:

“4.16. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) insan hüquqları sahəsində dövlət proqramlarının icrası prosesinin təhlilini apara, rəy və təkliflərini monitorinq və qiymətləndirmə orqanına (qurumuna) təqdim edə bilər.”.

3. “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1406 (Cild I) 5-ci hissəsinə “Milli Məclisinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana),” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 624 (Cild I) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissəyə “şəxslər” sözündən sonra “bu Əsasnamənin 8-ci hissəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 8.4-1-ci bənd əlavə edilsin:

“8.4-1. həkim vəzifəsi üzrə qulluğa qəbul üçün müraciət edən şəxslər (praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququna və iddia etdiyi vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsinə malik olduqda);”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.



Xəbər xətti