Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

15:00 24 Aprel 2024

Azərbaycan Prezidentinin Rusiyaya səfəri həm Moskvanın, həm də Bakının xarici siyasəti üçün xüsusi və mühüm əhəmiyyət kəsb edir. Bu, Əliyevin yenidən dövlət başçısı seçildikdən sonra ilk xarici səfərlərindən biri olub. Əliyev Putinin yeni müddətə yenidən seçildikdən sonra görüşdüyü ilk liderlərdən biri oldu.

Sitat.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.

“Bu faktlar Rusiya ilə Qərb arasında qlobal münaqişənin mövcud olduğu bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir. Rusiya və Azərbaycanın qonşu kimi ümumi təhdidləri və çağırışları var. Məncə, Əliyevin səfəri digər məsələlərlə yanaşı, Azərbaycan liderinin Rusiyaya qarşı simvolik jesti, Rusiyanın Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyə verdiyi töhfəni müsbət qiymətləndirməsi oldu. Əliyev ölkənin milli maraqlarını ardıcıl müdafiə edir və onun bütün siyasəti bu məntiq üzərində qurulub. O, nə etdiyini bilir və heç vaxt öz prinsiplərinə xəyanət etmir. Putin və Əliyev həqiqətən dostdur, bir-birini başa düşür və milli maraqların qarşılıqlı müdafiəsini anlayır və bu yanaşmaya hörmət edirlər. İlham Əliyevin Rusiyaya qarşı çox mehriban münasibəti var. O, başa düşür ki, bu, qonşudur və bu dövlətlə konstruktiv, qarşılıqlı faydalı münasibətlər qurmaq lazımdır”, - o bildirib.

Kalaşnikovun sözlərinə görə, Əliyev səfəri ilə nümayiş etdirdi ki, Rusiya üçün indiki çətin vaxtlarda belə Moskva ilə münasibətlər Bakının strateji istiqamətidir:

“Azərbaycan lideri kimə arxalanacağını, kimə güvənməməli olduğunu anlayan təcrübəli siyasi döyüşçüdür. Putin də bunu başa düşür. Başa düşür ki, belə çətin vaxtlarda, dünyanın dəyişdiyi, yeni çoxqütblü dünyanın qurulduğu, onun suverenliyi uğrunda mübarizənin getdiyi bir vaxtda Azərbaycan Rusiyaya münasibətdə şəffaf, konstruktiv şəkildə özünü göstərir və ona arxalana, gələcək üçün uzunmüddətli strateji əməkdaşlıq qura bilər. Azərbaycan bəzi qonşularımızdan fərqli olaraq qısamüddətli maraqlar güdmür. Əliyevin yeni Azərbaycanı həmişə irəliyə doğru strateji baxış taktikasını seçir. Və bu düzgün yanaşmadır. Kremlin Putinlə Əliyev arasında Baykal-Amur magistralının veteranları ilə görüşünü təşkil etməsi də yüksək səviyyədə ikitərəfli əlaqələrdə çox mühüm rol oynadı. Bu, bildiyiniz kimi, İlham Əliyevə və BAM-ın tikintisinə rəhbərlik edən onun atası Heydər Əliyevə qarşı yaxşı insani, səmimi, hörmətli jest idi. Rusiya üçün Heydər Əliyev həqiqətən də həmişə hörmətlə yanaşılacaq siyasi xadimdir. O, əsl siyasi müdrik idi. İlham Əliyevi də bu gün yüksək səciyyələndirmək olar. O, milli maraqlara zidd olan heç bir təzyiq və təklifi nəzərə almayaraq inamlı, müstəqil siyasət aparır. Putin və Əliyev bütün düşmənlərinə nümayiş etdirdi ki, birlikdə ümumi gələcəyə doğru gedirlər və onlara qoşulmağa hazır olanların hamısını bu gələcəyə dəvət edirlər”.



Xəbər xətti