Sahibə Qafarova bu ölkənin prezidentini COP29-a dəvət etdi

12:42 27 Aprel 2024

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Yakov Milatoviç ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sədr Azərbaycandkeçiriləcək COP29-da iştirak etmək üçün dəvət məktubunu Yakov Milatoviçə təqdim edib.

Prezident Yakov Milatoviç Azərbaycanın Monteneqro üçün dost ölkə olduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini söyləyib. Azərbaycanın Monteneqronun əsas investorlarından biri olduğunu söyləyən Yakov Milatoviç, xüsusilə turizm sahəsində əməkdaşlığın yüksək səviyyəsindən razılığını ifadə edib.

Sahibə Qafarova bu ilin yanvar ayında Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə toxunaraq, Monteneqronun bu səsvermədə iştirak etməməsini qeyd edib. Spiker Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnamələri də tənqid edib.

Söhbət zamanı bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı müşahidə olunan qərəzli kampaniyaları və təzyiqləri tənqid edən Milli Məclisin sədri deyib ki, Azərbaycan öz yolu ilə gedir. O, sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirərək, iki ölkə arasında delimitasiya prosesi barədə də məlumat verib. Bildirilib ki, aparılan danışıqlar nəticəsində Ermənistan işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verib.

Sahibə Qafarova, həmçinin Fransanın regionumuzda gərginliyi artırmaq məqsədi daşıyan addımları barədə də məlumat verərək deyib ki, bu ölkə sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur.

Prezident Yakov Milatoviç Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib və qeyd edib ki, bu, regionun inkişafına töhfə verəcək.

Görüşün sonunda Milli Məclisin sədri "Qarabağ işğaldan əvvəl və sonra" kitabını Monteneqro Prezidentinə təqdim edib.



Xəbər xətti