Könüllülük bizə nə qazandırır?

19:23 1 May 2024

Könüllülük şəxsi inkişaf, sosial problemlərin həlli və yeniliklərin tətbiqi üçün önəmli fəaliyyətdir. Könüllü fəaliyyətlər müxtəlif təşkilatlar, müxtəlif layihələr daxilində daim aktivlik yaratmaq, xüsusilə gənclərin daim inkişaf etməsi, fəaliyyətə cəlb olunması üçün vacibdir. 

Könüllülüyü izah edərkən qeyd olunur ki, könüllülük əvəzi ödənilməyən, ictimai faydalı fəaliyyətdir. Lakin fikrimcə, bir işin əvəzi sadəcə maddiyatla ödənilmir. Hər hansı iş, təşkilat və layihədə könüllü olmaq həmin şəxslərə mütləq şəkildə bir şeylər qazandırır. Bəs biz könüllü olaraq nə qazanacağıq?

Yeni mühit və dostlar.

Könüllü olaraq yeni dostlar, yeni əlaqələr, könüllü şəbəkə yarada bilərsiz. Bu iş sizə müxtəlif sahələrdən olan fərqli insanlarla tanışlıq üçün fürsətlər verəcəkdir. Burada tanıdığımız insanların hər biri gələcək işlərimizdə bizim üçün yeni əlaqələr olacaq və bu əlaqələr bizə daim dəstək olacaqlar. Könüllülük sizə sadəcə yeni əlaqələr, yeni tanışlıqlar vermir. Kollektivdə işləmək sizin ünsiyyət bacarıqlarınızı, komanda fəaliyyətinizi, yenilikləri görmək və kreativ fikirlər öyrənməyiniz üçün daim sizə kömək olacaqdır. Yeni insanlarla tanışlıqlar sizə gördüyünüz və görəcəyiniz gələcək işlərə və həyatınıza müxtəlif perspektivlərdən baxmağınıza yardımçı olacaq. 

Güclü və zəif yönlərinizi kəşf etmək.

Könüllülüyün əsas üstünlüyü - könüllülüyün yaşı yoxdur. Hər yaşdan olan insan könüllülük üçün müraciət edə bilər. Lakin gənc yaşlardan könüllü olmaq sizin üçün çox faydalı olacaqdır. Həm təcrübə qazanmaq, həm ətraf mühitinizin geniş olması üçün sosial olaraq fəal olmağınız vacib məsələdir. Könüllü olaraq siz bacardığınız, sevdiyiniz işlərlə məşğul olacaq, bu işlərdə öz bacarıqlarınızı, zəif və güclü tərəflərinizi görəcəksiniz. Hansı sahədə daha uğurlu olacağınıza qərar verməkdə sizə kömək olacaqdır. 

Yeni bacarıqlar qazanmaq.

Könüllü olmağın ən vacib və bilinən tərəfi isə bizə yeniliklər qatmasıdır. Yeni fəaliyyətlərlə, bəlkə də heç vaxt görmədiyiniz bir işlə məşğul olmaq sizin bilmədiyiniz, fərqinə varmadığınız bacarıqlarınızı üzə çıxaracaqdır. İnsan hər yaşda öyrənməlidir, çünki bir insan heç vaxt hərşeyi bilə bilməz. Burada tanıdığınız hər yeni insan yeni fikirlər irəli sürə, bir işi yerinə yetirmək üçün ən qısa və qazanclı yolları göstərə bilər. Xüsusilə xaricdə könüllü olmaq sizin üçün çox özəl xatirələr yaşadacaq və bacarıqlar öyrədəcəkdir. Könüllü olmaq sizin fəallığınızı artıracaq və hər könüllü fəaliyyətiniz yeni könüllülüklər üçün sizi ilhamlandıracaqdır. 

Əyləncə.

Könüllü fəaliyyətlər zamanı işləyərkən o qədər zövq alacaqsız ki, orada gördüyünüz iş ağır olsa belə( könüllülükdə adətən belə hal olmur), əylənə biləcəksiz. Xüsusilə bəzi könüllülüklərdə xüsusi əyləncələr təşkil olunur ki, burada sadəcə könüllülər özəl tədbirlər, konsertlər və digər əyləncələrdən yararlana bilərlər. 

Ümumi olaraq könüllü fəaliyyətlər sizin komfort zonanızdan çıxmağınıza, həyatın sadəcə maddiyatdan ibarət olmadığını göstərməyə, yeni əlaqələr yaratmağınıza, gələcək karyera yüksəlişinizdə və şəxsi inkişafınızda sizə daim yardımçı olacaqdır.



Xəbər xətti