İran İsrailə son hücumda “Qədr”, “İmad” və “Xeybər” raketlərindən istifadə edib.
Sitat.info xəbər verir ki, bunu SEPAH-ın Aerokosmik Qüvvələri komandanının müşaviri, general-mayor Əli Bilali CNN-ə müsahibəsində deyib.
“Bu raketlərin dəqiqliyi ən azı 5 metrdir. “Qədr” və “İmad” raketlərinin uçuş məsafəsi 1600 km təşkil edir. “Qədr” və “İmad” 450-500 kq, “Xeybər” isə 320 kq döyüş başlığı daşıya bilir. Müdafiə qabiliyyətimizi qorumaq üçün heç kimdən asılı deyilik. Biz bu sahədə yaxşı irəliləyiş əldə etmişik və bundan sonra da inkişaf edəcəyik. Hələ ictimaiyyətə məlum olmayan nailiyyətlərimiz var”, - Bilali bildirib.
General İsrailə zərbələr zamanı “Şahid-136” PUA-larından da istifadə olunduğunu deyib:
“Yük maşınının korpusu onların buraxılış qurğusu kimi istifadə olunur. İlk baxşıda o adi yük maşını kimi görünür, amma korpus açılan zaman PUA buraxılır. Bir korpusa beşə qədər dron yerləşdirilə bilər, onlar buraxıldıqdan sonra müəyyən bir trayektoriya üzrə uçur. Bütün hədəflər əvvəlcədən proqramlaşdırılır. Uçuş marşrutu düşmənin imkanları və radarın kor nöqtələri, həmçinin hədəfə çatmağımıza kömək edə biləcək bütün elementlər nəzərə alınmaqla seçilir”.
Bilali CNN-ə Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin nailiyyətləri sərgisini gəzdirib. Sərgidə İranın qanadlı raketlərinin, dronlarının, eləcə də uzun və orta mənzilli ballistik raketlərinin onlarla nümunəsi nümayiş etdirilib.