Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılır.
Sitat.info xəbər verir ki, məsələni MSK katibi Arifə Muxtarova təqdim edir.
Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum olunur.
Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
O, 2020-ci ildə 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
***
VI çağırış Milli Məclisin deputatı Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.
Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Belə ki, məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub:
“Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir”.
Yuxarıda sadalananları nəzərə alaraq MSK Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsini nəzərə alıb.
Beləliklə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.