Hindistandan Ermənistan və Yunanıstana silah-sursat və hərbi texnika tədarükü davam edir.
Axar.az xəbər verir ki, bununla bağlı “Haber Qlobal”da dərc olunan “Düşmən münasibət, İrəvan və Afinaya silah tədarükü” adlı geniş məqalə dərc olunub.
Məqalədə Yunanıstana göndərilən silahların qlobal qarşıdurmaya səbəb olacağı bildirilib:
“Afinanın Ankaraya qarşı Hindistandan aldığı raket sistemləri NATO-nun döyüş təyyarələrinə yerləşdirilə bilir. Yeni Dehli İrəvana külli miqdarda HHM sistemlər, PUA, Afinaya isə türk döyüş gəmilərinə qarşı istifadə üçün raket sistemləri satır. Sözügedən sistemlər NATO-da böhrana səbəb olacaq səviyyədədir”.
Yazıda İran və Hindistanın Rusiyanın yerinə keçdiyi bildirilib:
“Aralarında “Faynənşl Tayms”, “Ekonomist Tayms”, “Azadlıq” radiosunun Avropa xidməti kimi tanınmış mətbuat orqanlarının olduğu bir sıra KİV orqanları da Ermənistana yalnız İranın deyil, Hindistanın da silah tədarük etdiyini təsdiqləyir. Hindistandan başlayan və İrandan keçərək Ermənistana qədər uzanan yolla həyata keçirilən daşınma ötən ilin aprel ayında imzalanan üçtərəfli müqavilə ilə başlayıb. Müxtəlif mənbələr Hindistandan Azərbaycana qarşı istifadə üçün Ermənistana göndərilən silahlar arasında mobil personal anti-dron və “Zen” HHM sistemlərinin olduğunu bildirirlər. İrəvanın Hindistana “Zen” sistemləri üçün 41 milyon, “Pinaka” reaktiv yaylım atəş sistemi üçün isə 260 milyon dollar ödədiyi haqqında da məlumatlar var. Ermənistan eyni zamanda imzalanan 155,5 milyon dollarlıq müqavilə əsasında Hindistandan 84 ədəd ATAGS topu alıb. Silahlar əvvəl İranın cənubunda və Birləşmiş Ərəb Əmirliyinin isə şimalında yerləşən liman şəhəri Bəndər-Abbasa gətirilir, sonra isə buradan quru yolu ilə Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana aparılır”.
Araşdırmada Hindistanın da Yunanıstandan döyüş təyyarələri almağa hazırlaşdığı qeyd olunub:
“İddialardan biri də Hindistanın Yunanıstana mümkün toqquşma halında türk gəmilərinə qarşı istifadə etmək üçün “BrahMos (PJ-10)” idarə olunan raket sistemləri satması ilə bağlıdır. Polşanın “Defence24” portalı Hindistanın da Yunanıstandan “Miraj 2000” qırıcı təyyarələrini almağı planlaşdırdığını yazıb. Fransanın silah satışı ilə bağlı Yunanıstana olan marağını itirməsindən sonra Hindistan bu boşluğu dəyərləndirmək istəyir.
“BrahMos (PJ-10)” raket sistemi ikili təkanlı mühərrik xüsusiyyəti ilə dünyanın ən sürətli və manevr edə bilən raket sistemləri arasındadır. 290 km-lik sahədə təsirli olan sistem 300 kiloqramadək faydalı yük daşıya bilir. Bu raket sistemləri Hindistan və Rusiyanın ortaq istehsalıdır və F-35, F-16-lara uyğunlaşa bilirlər”.