Baş prokuror 5 aydır itkin düşən uşaqla bağlı göstəriş verdi

11:19 23 May 2024

Ötən il dekabrın 26-dan İmişlidə itkin düşən, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu ilə bağlı naşlanan cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Sitat.info xəbər verir ki, bu barədə APA-ya, zərəçəkmiş Vasif Xankişiyevin (azyaşlının atası) hüquqi təmsilçisi hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib.

Onun bildirdiyinə görə, Xankişiyev Rasim Vasif oğlunun 26 dekabr 2023-cü il tarixdə İmişli rayonunun Qaragüvəndikli kəndində qeyri-aşkar şəraitdə itkin düşməsi faktı ilə bağlı İmişli Rayon Prokurorluğunda özünə qəsd maddəsi ilə açılmış cinayət işi üzrə icraatın nəticəsizliyinə görə 21 may tarixində Baş prokuror Kamran Əliyevin qəbulunda olublar:

“Baş prokuror məni və nümayəndəsi olduğum şəxsi, yəni Rasimin atasını şəxsən qəbul etdi. Baş prokurordan konkret olaraq xahişimiz o idi ki, cinayət işinin icraatı İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilsin. Hadisənin qeyri-aşkar şəraitdə baş verməsini nəzərə alaraq, xahişimiz əsaslı idi. Beləliklə, xahişimiz Baş prokuror tərəfindən müsbət dəyərləndirildi. Cinayət işinin icraatı bundan sonra Baş Prokurorluğun istintaq idarəsində davam etdiriləcək. Buna görə Baş prokuror Kamran Əliyevə minnətdarlığımızı bildiririk”.

Onun sözlərinə görə, hazırda azyaşlının axtarış prosesi yüksək intensivliklə davam etdirilir.



Xəbər xətti