Bu günlərdə “Tesla 2023 Impact Report” rəsmi statistikası nəşr olundu. Şirkət enerji və nəqliyyat məhsulları ekosisteminin dostu olmağa davam edir.
Ötən il ərzində müştəriləri “Tesla”nın elektrik avtomobillərini və günəş məhsullarını seçməklə 20 milyon metrik tondan çox karbon qazı ekvivalenti (CO2e) emissiyalarının qarşısını alıblar.
Təxminlərə görə, yolda olan hər bir “Tesla” avtomobili təxminən 51 ton “CO2” emissiyasının qarşısını alır, bu da bizə ənənəvi mühərrikli avtomobillərdən təkcə “Tesla” deyil, ümumiyyətlə, elektrik avtomobillərinə keçidin vacibliyini göstərir.
“Tesla” elektromobilləri günəş enerjisi texnologiyasını və enerji saxlama sistemlərini birləşdirdiyi üçün biz onun bərpa olunan enerjiyə dəstəyini daha aydın görə bilirik. Bu sistemlər təkcə adi yanacaqlardan asılılığı azaltmır, həmçinin şəbəkə sabitliyinə müsbət təsir edir və mümkün kəsilmələr zamanı ehtiyat təmin etməklə davamlılığı qoruyur.
Yayımlanan statistikada da qeyd edildiyi kimi, “Tesla” hərtərəfli təkrar emal təşəbbüsləri vasitəsilə xammalın çıxarılması ehtiyacını azaltmağa çalışır. Şirkət 2023-cü ildə on minlərlə avtomobilin istehsalı üçün kifayət qədər akkumulyator materialının bərpasına dəstək verib. Məlumata görə, şirkətin strategiyaları ətraf mühitə təsirin minimuma endirilməsinə yönəlib. Bura sudan istifadənin əhəmiyyətli dərəcədə azaldılması, innovativ istehsal üsulları və bərpa olunan enerji mənbələrinin istifadəsi vasitəsilə enerji istehlakının aşağı salınması daxildir.
“Tesla” bu missiyanın əməkdaşları tərəfindən də dəstəkləndiyinə inanır. Buna sübut kimi şirkət 2023-cü ildə 5,9 milyondan çox iş müraciəti aldığını açıqlayıb. Əslində, təkcə bu, şirkətin missiyasının və yaşıl dünyaya verdiyi faydanın çox sayda insan tərəfindən dəstəkləndiyini də göstərir.
Qeyd edək ki, bu elektromobillər bazarda ən uğurlu avtomobillər arasındadır, rəqibləri ilə müqayisədə daha az şarj tələb edir və hər kilometrə daha az sərfiyyat təqdim edir.
Səbinə Xeyirbəyova
Sitat.info