"Biz İrəvanın Moskvadan yan keçərək Ankara ilə necə münasibət qurduğunu görürük” - Vitali Arkov

11:58 19 Aprel 2022

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 19-da Rusiyada danışıqlar aparacaq. Onun səfəri zamanı ikitərəfli sənədlər paketinin imzalanması gözlənilir. Bununla belə, analitiklərin əsas diqqəti Azərbaycan-Ermənistan münasibətləri və Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması mövzusuna yönəlib. Moskvaya səfəri zamanı Nikol Paşinyanı Minsk Qrupunun olmadığına inandırmaq mümkün olacaqmı? Ermənistan rəsmilərinin davranışlarına və İrəvan mətbuatındakı nəşrlərə baxsaq, bu, problemlidir.

Oxu.az bununla bağlı “PolitRus” informasiya-analitik portalının rəhbəri Vitali Arkovdan münasibət öyrənib.

Rusiyalı politoloq ilk olaraq vurğuladı ki, Paşinyanın hazırkı postunda qalması birbaşa Moskvanın mövqeyi ilə bağlıdır və Kreml qərarını dəyişsə, o zaman Paşinyan bu vəzifədə uzun müddət qalmayacaq:

“Ermənistanda müxalifət qüvvələri güclüdür və kifayət qədər rusiyapərəstdirlər. Deməli, Paşinyanın Moskvaya səfəri bir çox məsələləri həll edəcək. Bu o demək deyil ki, qeyd etdiyiniz bəyanatlar İrəvandan eşidilməyəcək. Amma bunu ancaq rəsmi qərar qəbul etməyən insanlar deyəcək. Belə bir deyim var - “it hürər, karvan keçər”.

Ermənistanda Azərbaycanla sülh sazişinin yeni Rusiya-Türkiyə sövdələşməsini möhkəmləndirməli olan sənəd hesab edilməsinə gəlincə isə ekspert bunun şişirdildiyini düşündüyünü deyib.

“Amma açığını desəm, əvvəllər Qarabağın, indi isə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Moskva Ankara ilə sıx əməkdaşlıq edib və edir. Qarabağda Rusiya-Türkiyə birgə monitorinq mərkəzi fəaliyyət göstərir. Bütün proses Türkiyənin iştirakı olmadan mümkün olmazdı. Amma bu, sövdələşmə deyil, bu, Türkiyənin əsas regional oyunçu kimi maraqlarını nəzərə almaqdır.

Biz həm də İrəvanın özünün Moskvadan yan keçərək Ankara ilə necə münasibətlər qurduğunu çox gözəl görürük. Bu isə ancaq alqışlana bilər, çünki regionda iqtisadi əlaqələr inkişaf etdirilməlidir. Bu uzun illər blokadada olan həmin Ermənistanın xeyrinə olacaq”, - deyə müsahib əlavə edib.

Politoloq əsas bəndi ərazi bütövlüyünün qarşılıqlı tanınması olan Azərbaycanla Ermənistan arasında sülh sazişinə (hansı ki, Ermənistanda çoxlarının xoşlarına gəlmir) gəlincə bunun imzalanacağına inandığını deyib.

“Amma bu yolda çoxlu əngəllər var və hələ çox iş görülməlidir. Anladığıma görə, indi ikitərəfli Azərbaycan-Ermənistan komissiyası yaradılır. Bu, artıq əsasən Ermənistandan eşidilən demaqogiyadan və ittihamlardan konkret işə atılan böyük addımdır”, - deyə V.Arkov fikrini yekunlaşdırıb.



Xəbər xətti