Texnologiyanın axarını dəyişən qadın - Ada Lavleys

18:35 24 Aprel 2024

Bəşər tarixi boyu ayrı-seçkilik, zorakılıq kimi bir çox mənfiliklərə rəğmən dünya elm, riyaziyyat, aviasiya və ədəbiyyat sahələrində ağıllı, güclü və ilhamverici qadınlara şahid olub. Bu qadınlar təkcə öz həmcinslərinə deyil, kişilərə də nümunə göstərməyi bacarıblar. Dünyanı dəyişən bu qadınlar öz zamanlarında yaşadıqları çətinliklərə dözərək, bu gün yaşayan qadınlar üçün tərəqqiyə doğru yol açıblar. Həmin qadınlardan biri də dünyada ilk proqramçı olan Ada Lavleysdir.

Ada Lavleys 1815-ci il dekabrın 10-da Londonda anadan olub. Ada doğulandan az sonra atası anasından ayrılıb. Atası o, səkkiz yaşı olanda dünyasını dəyişib. Anası qızının məntiqə əsaslanan təhsil almasını istəyib. Adanın erkən yaşda riyaziyyatla tanış olması bu səbəbdən olub.

19-cu əsrin məşhur alimlərindən William Frend, William King, Mary Somerville və Augustus De Morqandan aldığı təhsil onun özünü təkmilləşdirməsində böyük rol oynamışdır. Amma həyatının axarını dəyişən hadisə Kembric Universitetinin riyaziyyat professoru Çarlz Bebbic ilə görüşü olmuşdu.

1835-ci ildə o, Uilyam Kinqlə evləndi və bu gün tanınan soyadı olan "Qrafinya Lavleys" titulunu aldı. Bu evlilikdən üç övladı olan Ada Lavleys evlilik və uşaq sahibi olmağı karyerasına mane olmadı, əksinə riyaziyyat üzrə təhsilini fasiləsiz davam etdirdi.

Ada Lavleys italyan riyaziyyatçısı Lui Menabreanın 1842-ci ildə fransız dilində nəşr olunan “Analitik Maşın” haqqında məqaləsini ingilis elmi jurnalı üçün tərcümə etmiş və bu tərcüməyə öz qeydlərini əlavə edərək 1843-cü ildə nəşr etmişdir. Tərcüməyə əlavə etdiyi qeydlərdə o, Bernoulli ədədlərinin Bebbic maşını ilə necə hesablanacağını ətraflı izah etmişdi. Bu üsul tarixçilər tərəfindən dünyanın ilk kompüter proqramı hesab edilir. Bununla da Ada Lavleys dünyada ilk proqramçı olmuşdur.

Lavleys 27 noyabr 1852-ci ildə Londonda uşaqlıq xərçəngindən dünyasını dəyişib. O, Məryəm Maqdalena kilsəsinin qəbiristanlığında dəfn olunmuşdur.

Ada Lavleysin kompüter elmi sahəsində gördüyü önəmli işlərin qatqılarını indi də hiss edirik. 1998-ci ildən Britaniya Kompüter Cəmiyyəti onun adında medal təqdim etməyə başlayıb. Və 2008-ci ildən informatika üzrə qız tələbələr üçün onun adına illik müsabiqə keçirilməyə başlanılıb.

Ada Lavleys Günü hər il oktyabrın ikinci çərşənbə axşamı qeyd olunur. 2009-cu ildən bəri qeyd olunan Ada Lavleys Günü texnologiya və elmin bütün sahələrində çalışan və uğur qazanan qadınları təbrik etmək, böyüməkdə olan nəsilləri ruhlandırmaq və həvəsləndirmək məqsədi daşıyır.

Günümüzdə belə proqramlaşdırmanı “kişi işi” olaraq görənlər olduğu halda hələ öz dövründə bu düşüncələri qıran, informatika elmində yeni cığır açan Ada Lavleys qadınların gücünü və zəkasını nümayiş edən şəxsiyyətlərdən biri olmuşdur.

Əgər uğurlu olmaq üçün haradan başlayacağınızı bilmirsinizsə bu məqalə və Ada Lavleysin həyatı sizə motivasiya ola bilər.

Səbinə Xeyirbəyova

Sitat.info

 

 

 

 

 

 



Xəbər xətti