Sənədli filmlər hər zaman televiziya proqramları sırasında önəmli yerə sahib olan materiallardır. Onlar tariximizin mühüm hadisələrinə, keçmişdə baş verənlərə işıq tutmaq və baş verənləri günümüzün izləyicilərinə çatdırmaq baxımından çox önəmli materiallar hesab olunur. Məlumdur ki, texnoloji və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sənədli filmlərin hazırlanmasına böyük önəm verilir. Ölkəmizdə də bu sahədə ciddi addımlar atılmaqdadır.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında sənədli filmlərin rolu, tarixi mövzularda çəkilən sənədli filmlər, bu sahədə xarici ölkələrlə əməkdaşlıq və digər mövzular haqqında Azərbaycan Televiziyası İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribova suallarımızı verdik. O, bu mövzu ilə bağlı ətraflı olaraq suallarımızı cavablandırdı.
Müsahibəni təqdim edirik:
— Sənədli filmləri adi filmlərdən fərqləndirən əsas xüsusiyyətlər nələrdir?
- Əsasən biz burada adından da göründüyü kimi fakta üstünlük veririk. Burada bəhs olunan mövzu faktlarla göstərilir. Hər hansı bir şəxs haqqında danışırıqsa, onun şəkli, barəsində fakt olmalıdır, yəni olduğu kimi əks etdirməliyik. Burada sənəddən əlavə səs, video da əsasdır. Video əgər əvvəlki dönəmə aiddirsə, buna həm də xronika deyilir. Əgər dediyin söz sənədlə təsdiqini tapırsa, buna sənədlilik deyilir.
— Hazırda telekanalların sənədli filmlərlə bağlı gördüyü işlər hansı səviyyədədir?
- Əlbəttə ki, həm birinci Azərbaycan Dövlət Televiziyasında, sonra İctimai TV-də, Space TV-də, Xəzərdə mən sənədli filmlər görmüşəm. Deyərdim ki, orada da müəyyən mənada peşəkar insanlar çalışırlar. Amma günümüzün şərtləri odur ki, hazırlanan film beynəlxalq standartlara uyğun olsun. Həm mətn, həm görüntü, həm qrafika işi baxımından beynəlxalq standartlara uyğun olmalıdır. Bizim də hazırladığımız filmlər var ki, bunlar həm AzTV-də, həm də əvvəl çalışdığım İTV-də və Türkiyədə nümayiş olunub. Görülən işləri müəyyən mənada qənaətbəxş adlandırmaq olar amma arzum odur ki, daha da yüksək səviyyədə sənədli filmlər hazırlansın. Azərbaycan Televiziyası nəzdində fəaliyyət göstərən "Telefilm və SABAH yaradıcılıq qrupu"nda hazırlanan sənədli filmlər də olduqca qənaətbəxşdir, günümüzün tələblərinə cavab verir
— AzTV sənədli filmlər sahəsində irəliləməkdədir, bu günə qədər görülən və gələcəkdə görüləcək işlər hansı məsələləri əhatə edir?
- Təbii ki, AzTV bu sahə üzrə məktəb hesab oluna bilər. Çünki 1956-cı ildən günümüzə qədər bu kanal televiziya sahəsində xalqımızın güzgüsünə çevrilib. Əgər 19-cu əsrdə mətbuat bu işi görürdüsə, günümüzdə həm vizual, həm də informasiya yönü ilə bu işi televiziya həyata keçirir. Azərbaycan Televiziyası həm bədii filmlərdə, həm sənədli filmlərdə çox dolğun filmlər hazırlayır. Bu sahə üzrə həyata keçirdiyimiz bir sıra işlər var. Məsələn, Türkiyədə həm Çanaqqala ilə bağlı olan, Sarıqamış zəfəri ilə bağlı olan, Qafqaz İslam ordusu haqqında olan filmlər var ki, sırf tariximizlə bağlı hazırlanıb. Onlar Azərbayan və Türkiyə mətbuatında geniş şəkildə işıqlandırılıb.
— Dünyaya Azərbaycan həqiqətlərinin çatdırılmasında sənədli filmlərin təsir imkanları hansı miqyasdadır?
- Bu olduqca vacib bir məsələdir. I Qarabağ müharibəsi dövründə, bu münaqişə baş verən zaman birinci qarşımızda duran məsələ torpaqların işğaldan azad olunması idisə, digər bir məsələ də ideoloji olaraq bu savaşı aparmaq idi. Biz Azərbaycan torpaqlarına - Qərbi Azərbaycana qayıdış üçün öz ideoloji işimizi aparmalıyıq. Məsələn, Qərbi Azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri haqqında "İz" sənədli filmini hazırladıq. Bu filmi Stokholm, Helsinki, Finlandiyada nümayiş etdik. Orada həm Helsinki universitetindən, həm də Kembric universitetindən müəllimlər iştirak edirdilər. O insanlar bizdən soruşurdular ki, nə üçün bu vaxta qədər Qərbi Azərbaycan mövzusu ictimaiyyətin diqqətinə çatdırılmayıb. Bizim də cavabımız bu yöndə oldu ki, biz Qarabağ məsələsini həll etmədən, digər tarixi Azərbaycan torpaqları məsələsini qaldıra bilmirdik. Artıq Qarabağ məsələsi həll olunub, tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıdış da biz inanırıq ki, reallaşacaq. Çünki bizim orda ata-babalarımız minillər boyu yaşayıblar. Bizim orada mədəni-mənəvi irsimiz var. Bu baxımdan həmin sənədli filmlərin hazırlanması və nümayiş olunması olduqca vacibdir.
— Tarixi mövzularda çəkilən sənədli filmlərimiz varmı və əsasən hansı tarixi dövrləri əhatə edir?
- Bu, çox diqqətəlayiq mövzudur. Çünki, tarix bizim həm dünənimizdir, həm bugünümüzdür, həm də sabahımızdır. Biz orta əsrlər dövrü ilə bağlı 2023-cü ildə "Ağqoyunlu dövlətinin yaranması və Həsən Bayandur xan" filmini hazırladıq. Bundan əlavə Qafqaz İslam ordusu, Cümhuriyyət tariximizlə bağlı sənədli filmlər hazırlanır, nümayiş olunur. Tarixi mövzuda filmlərin hazırlanması günümüzlə də əlaqəlidir. Çünki Türk Dövlətləri Təşkilatının yaradılması bizim həm tariximizi, həm də müasirliyimizi birləşdirir. O baxımdan bu filmlərin hazırlanması bizim üçün dəyərlidir
— Akademik səviyyədə sənədli filmlərin tədrisi prosesi hansı səviyyədədir?
-Bakı Dövlət Universitetində, Jurnalistika fakültəsində "Sənədli televiziya filmi" seçmə fənn kimi tədris olunur. Mən özüm tədris edirəm. Onu da qeyd edim ki, keçən il, semestrin sonunda tələbələrimizdən biri olan Ziyafət Əlisoyun hazırladığı gizir Ceyhun Orucova həsr olunan "Onun arzusu" sənədli filmi Mədəniyyət TV-də nümayiş olundu. Yüksək peşəkarlıq göstərildiyi zaman dövlət televiziyasında da, mədəniyyət kanalında da biz onu nümayiş edə bilirik. Orada həm öz canını qurban vermiş şəhidlərimizin ruhunu şad etməklə yanaşı, həm də bir borcumuz var, o insanlar qarşısında. Çünki onlar öz qanları ilə tarix yazıblarsa, onların təbliği də bir o qədər önəmlidir. O baxımdan əlbəttə ki, bu dərslərin tədrisi böyük əhəmiyyət daşıyır. Onu da deyim ki, AzTV-də Teleradio Akademiyası da fəaliyyət göstərir. Burada süjetlərin, sənədli filmlərin hazırlanması tədris olunur. Bu işlərin görülməsi bizim həm də vətəndaşlıq borcumuzdur.
— Sənədli filmlər sahəsində xarici ölkələrlə əməkdaşlığımız varmı?
- Bu sahədə əməkdaşlıq əlbəttə ki, olub, var, olacaq da. Misal üçün, Türkiyə nümunəsini deyə bilərəm ki, bizim hazırladığımız filmlər TRT Avaz kanalında göstərilib. Elə mövzular var ki, bunlar yalnız Azərbaycanla yox həm də Türkiyə ilə də bağlıdır. Məsələn, keçən il hazırlanan filmlərdən biri "Nargin adasında yaşananlar" idi. Orada biz xronikadan istifadə etdik. Və o adadan xilas olan əsgərlər Anadoluya qayıtmayıblar. O dövrdə yeni yaradılan Azərbaycan Milli Ordusuna qoşulublar və Bakının azad olunmasında xidmət göstəriblər. Bununla bağlı hazırladığımız film AzTV-də nümayiş olundu. Filmdə biz yeni kadrlar da göstərdik. İngiltərənin İMF studiyasında hazırlanan I Dünya müharibəsi ilə bağlı olan filmdə ilk dəfə gördüyümüz xronika kadrları məhz 1918-1920-ci ildə lentə alınmış kadrlar idi. Təbii ki, həmin sənədli filmlərdə Osmanlı dövlətinin bu ərazilərə, Qafqaza gəlməsi başqa cür yazılır, başqa cür göstərilir. Amma bizim üçün isə bu Azərbaycan xalqına uzadılmış bir qardaş əli idi. Çünki burada məlumdur ki, ermənilər, bolşeviklər tərəfindən soyqırımı həyata keçirilirdi. Və XI Qızıl Ordu işğalçı ordu kimi gəlmişdisə, Qafqaz İslam Ordusu qurtarıcılıq missiyası həyata keçirmişdir. Tarixi biz gərək olduğu kimi ifadə edək. O baxımdan hazırlanan filmlər xarici ölkələrlə birgə işimizi daha da beynəlxalq müstəviyə çıxarmağa imkan verir. İnanıram ki, bu nəinki Türkiyə miqyasında, eləcə də Avropada da müttəfiqliyə nail ola biləcəyik. İsveçdə, Finlandiyada hazırladığımız filmlər nümayiş olunub və inanıram ki, biz digər Avropa ölkələrində də bu sənədli filmləri yayımlaya biləcəyik.
Səbinə Xeyirbəyova
Sitat.info