"Büdcənin prioritetləri Silahlı Qüvvələrin potensialının artırılması və Böyük Qayıdış olacaq" - Sahibə Qafarova

11:18 25 Noyabr 2024

Ardıcıl həyata keçirilən düşünülmüş islahatlar sayəsində Azərbaycan regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bu il iqtisadiyyatın əsas sektorlarında inkişaf müşahidə edilir: “Ölkəmiz yaşıl iqtisadiyyata keçidlə bağlı böyük layihələr həyata keçirir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizin əsas hissəsindədir. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir, əməkhaqqı və pensiyalar artırılır”.

Sahibə Qafarova qeyd edib ki, gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həddədir: “2025-ci ilin dövlət büdcəsinin prioritetləri Silahlı Qüvvələrin potensialının daha da artırılması, Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. 2025-ci il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə edilib”.



Xəbər xətti