Saatlıq əmək haqqı kimlərə şamil ediləcək?

Saatlıq əmək haqqı kimlərə şamil ediləcək?
SOSİAL 11 Noyabr 2026 11:58
Azərbaycanda saatlıq əmək haqqı sistemi yeni iş imkanları yarada bilər.

Sitat.info xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, saatlıq minimum əməkhaqqı kənd təsərrüfatı, yaşayış, turizm, məişət xidməti, daşıma xidmətləri və İT sektorunda çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanı təmin edə bilər:

"Saatlıq əmək haqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını stimullaşdıran iş rejimi olmaqla yanaşı, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə imkan verən sosial alət kimi də əhəmiyyət daşıyır. Saatlıq əmək haqqının minimum məbləğinin minimum əməkhaqqının bir saata düşən məbləğindən az ola bilməyəcəyi də təsbit olunub".

Deputat əlavə edib ki, Nazirlər Kabineti saatlıq əmək haqqının tətbiq ediləcəyi iqtisadi fəaliyyət növlərinin siyahısını müəyyən edəcək:

"Əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda əməyin ödənilməsində saatlıq əmək haqqı sistemindən istifadə ediləcək. Minimum saatlıq əmək haqqı sisteminin tətbiqi əməyin ödənilməsində daha çevik və sosial ədalətli mexanizmin formalaşmasına, işçilərin əmək hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edəcək".