Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
Sitat.info xəbər verir ki, Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, noyabr ayında bir çox dağlıq ərazilərdə qar yağması xarakterik haldır:
“Azərbaycanın, xüsusilə də Yan silsilə və Baş Qafqaz sıra dağlarının ərazilərində sentyabrın ortalarından, hətta bəzən avqustun sonlarından qar yağması müşahidə olunur. Buna görə də hazırkı hava şəraitində qeyri-adi heç nə yoxdur.
Hazırda Azərbaycan ərazisində yüksək atmosfer təzyiqinin müşahidə olunması antisiklon təsirinə işarədir. Bununla yanaşı, atmosferdə tez-tez müşahidə olunan siklon və antisiklonların təsiri, eləcə də Azərbaycana daxil olan arktik hava kütlələri havanın temperaturunun aşağı düşməsinə səbəb olur”.
Ekspert bildirib ki, hazırkı soyuq hava şəraitinə və dağlıq ərazilərdə qar yağmasına baxmayaraq, yaxın günlərdə Bakıda qar gözlənilmir:
“Hərçənd bəzi illərdə, məsələn, 2012-ci il yanvarın 1-də Bakıya qar yağıb. Yenə deyirəm, burada qeyri-adi, fövqəladə təbii hadisə yoxdur. Xüsusilə nəzərə alaq ki, bütün dünya iqlim təlatümlərinin yaşandığı bir dövrdən keçir. Əhalinin təşvişə düşməsi üçün heç bir əsas yoxdur. Görürsünüz, bu gün gün çıxıb. İndi nə deyək, yaydır, yay gəldi? Payızın şıltaqlıqları hələ təxminən bir ay yarım davam edəcək”.