Rusiya və Ukrayna razılaşır: Ərazi güzəştləri olacaq...
Sitat.info xəbər verir ki, bu barədə “Röyters” adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilir ki, danışıqlarda əsas müzakirə mövzularından biri Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri olacaq. Xüsusilə, Kiyevə NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər müdafiə təminatlarının verilməsi ehtimalı müzakirə ediləcək.
ABŞ rəsmisinin sözlərinə görə, tərəflər qapalı danışıqlar zamanı ərazi məsələsində müəyyən kompromisə hazır olduqlarını da nümayiş etdiriblər. Onun fikrincə, ərazilərlə bağlı hər hansı razılaşma, böyük ehtimalla, danışıqların son mərhələsində, müharibədən sonrakı təhlükəsizlik arxitekturası da daxil olmaqla, digər məsələlər razılaşdırıldıqdan sonra əldə oluna bilər.
Amerikalı rəsmi danışıqlar prosesinin vaxt tələb edəcəyini vurğulayıb və Vaşinqtonun irəliləyiş əldə olunması perspektivlərinə ehtiyatlı nikbinliklə yanaşdığını qeyd edib:
“Bu, Rusiya tərəfinin müharibəni başa çatdırmaq üçün həqiqi istək nümayiş etdirdiyini hiss etdiyim ilk məqamdır”.
Qeyd edək ki, Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidə noyabrın 10–11-də üçtərəfli danışıqlar aparması planlaşdırılır.