Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edildi
Rusiyanın Gümrüdəki hərbi bazasının hərbçilərinin iştirakı ilə baş verən növbəti insidentdən sonra iki rusiyalı hərbçi həbs olunub.
Sitat.info xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti məlumat yayıb.
Onlar Ermənistanda cəzaçəkmə müəssisəsində saxlanılır.
Zərərçəkən Ukrayna vətəndaşı Dmitri Samuilenkodur. O, hüquq-mühafizə orqanlarına müraciət edərək iki hərbçinin Gümrünün Ani məhəlləsində onu döydüyünü bildirib. Hadisə təxminən bir ay əvvəl baş verib.
İstintaq Komitəsindən bildirilib ki, bir qrup şəxs tərəfindən fiziki zorakılıq göstərilməsi maddəsi ilə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizası təyin edilib. Hərbi bazanın iki hərbçisi sağlamlığa yüngül zərər vurmaq ittihamı ilə həbs olunub.
İnsidentin hansı səbəbdən baş verdiyi və rusiyalıların ukraynalını nə üçün döydüyü hələlik məlum deyil. Nə Rusiya hərbi bazası, nə də Rusiyanın Ermənistandakı səfirliyi bu və digər insidentlə bağlı hər hansı şərh verib.