Paşinyanı yolda qoyan helikopter hansı modeldir?

17:08 25 May 2024

Ermənistan baş nazirinin hərəkət etdiyi helikopter Rusiya istehsalı olan Mİ8 çoxtəyinatlı helikopteridir. Ermənistanda indi o əsasən nəqliyyat vasitəsi kimi istifadə olunur. Yeni nəsl helikopter sayılmaz. Rusiya hazırda modernləşdirilmiş variantını istehsal edir.

Bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev Ermənistan Baş naziri Nikol Paşinyanın istifadə etdiyi helikopterin təhlükəsizlik parametrləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, İranda məlum hadisədən sonra dövlət başçıları ehtiyat tədbirlərini artırıb:

“Bu sinifdən olan helikopterlərin indiyə kimi 20-yə qədər nümunəsi var ki, qəzaya uğrayıblar. Hesab edirəm ki, ehtiyatlanmalarında fayda var. İranda baş verən dəhşətli helikopter qəzası dövlət başçılarını artıq ehtiyatlı olmağa vadar edib. Bu hadisələr bu cür nəqliyyat vasitəsi ilə uçuşların məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Ermənistan baş nazirinin uçduğu Mİ8 helikopteri 1961-ci ildən istehsal olunur. 30 nəfərə yaxın şəxsi heyət daşıma imkanına malikdir. Bu helikopterlər Ermənistan ordusunun ixtiyarındadır. 11 ədəd bu sinifdən olan hava nəqliyyat növləri var. Ermənistan onun texniki xidmətini həyata keçirə bilir. Rusiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində ehtiyat hissələrini almaq imkanı var”.

Qeyd edək ki, bu gün N.Paşinyanın helikopteri Taşirə uçan zaman Vanadzor (Böyük Qarakilsə) stadionuna məcburi eniş edib.



Xəbər xətti