Ukraynada Rusiya-NATO hərbi qarşıdurması

11:31 29 May 2024

Rusiyanın Ukraynada işğalı genişləndirməsi və Xarkovu işğal etməsi istiqamətində intensiv hücumları NATO-nun təcili qərarlar qəbul etməsi ilə nəticələnib.

Bu barədə Sitat.info-ya açıqlamasında Politoloq Məhəmməd Əsədullazadə deyib.​

​​​​

Onun sözlərinə görə, Ukraynanın Qərbin verdiyi silahlarla Rusiya ərazisində hərbi mövqelərə zərbə endirməyə icazəsi olmadığından, Rusiyaya əlavə imkanlar yaranıb:

"Rusiya sərhəddə ordusunu cəmləşdirib, hücumları aktivləşdirirdi. Məhz NATO ilk əvvəldən bu qadağanı götürmüş olsaydı, Rusiya qoşunlarının sərhəddə Xarkova hücumunun vaxtında qarşısını almaq olardı."

Politoloq bildirib ki, Rusiyanın hücumları bilavasitə Qərbə təhlükədir.

"NATO parlament Assambleyası Ukraynaya Rusiya ərazisində hərbi mövqelərə zərbə endirmək üçün NATO silahlarından istifadəyə yekdilliklə qərar qəbul edib. Bu qərar NATO-nun Ukrayna siyasətində vahid qərarıdır. Demək olar ki, kollektiv Qərb Rusiyanın hücumlarının avroatlantik məkanı təhdid etdiyinin fərqindədir. Rusiyanın durdulması Qərb üçün prioritet kimi qəbul edilib."

Məhəmməd Əsədullazadə, NATO-nun bu qərarı gecikdirməsindəki səbəbin Rusiya resurslarının tükənəcəyini gözləməkləri olduğunu vurğulayıb.

"Bundan sonra, Ukrayna NATO silahları ilə Rusiya ərazisində hərbi mövqelərə və ordunun cəmləşmə sahələrinə intensiv raket zərbələri endirəcək. Bu kimi raket hücumlari Rusiyanın hücumunun əhəmiyyətli şəkildə qarşısını almaq iqtidarındadır. Məhz Rusiya qoşunlarının hücum intensivliyinin qarşısı alınıb ki, Zelenski Avropa turnesinə çıxıb. Yaxın gələcəkdə Rusiya və NATO arasında faktiki hərbi toqquşmalar baş verə bilər. Ukraynanın növbəti aylarda hərbi təşəbbüsü ələ alacağı mümkündür", - o deyib.

Politoloq qeyd edib ki, diplomatik danışıqlar üçün siyasi ortam formalaşması müharibənin gedişindən asılı olacaq. 

Türkan

Sitat.info



Xəbər xətti