Hitler Almaniyasının İkinci Dünya müharibəsi ərəfəsində və İkinci Dünya müharibəsi başlayandan sonrakı davranış və hücum taktikası ilə Rusiyanın davranış və hücum taktikaları arasında oxşarlıqlar və hətta eyniliklər heyrətamiz dərəcədə bənzərdir.
Hitler hakimiyyətə gələndən sonra terror təhlükəsi ilə Almaniyanı hərbi dövlətə çevirdi; Çeçenlərin Rusiyada törətdiyi teraktlar, kütləvi məkanlara hücum səhnələrini xatırlayın!
Hitlerin İkinci Dünya müharibəsi ərəfəsində istədiyi hər şeyi verirdilər – hətta müharibəsiz belə Hitler Almaniyanın iddia etdiyi bəzi torpaqları qaytarmışdı.
Avqust 2008-ci ili deyil də, 2014-cü il Krımını göz önünə gətirmək kifayətdir!
1941-ci ildə Almaniya SSRİ-yə hücum etmək qərar verdi və yaxud bu qərarı verməyə məcbur edildi – halbuki Almaniya və SSRİ arasında bir-birinə hücum etməmək barədə saziş vardı və hətta Polşanı bölüşdürmüşdülər.
Rusiya təhlükəsizliyinə və suverenliyinə qarant durduğu ölkəyə 2022-ci ildə hücuma keçdi və yaxud buna təhrik/məcbur edildi.
Almaniya “Barbarossa planı” ilə Moskvanı 8 həftəyə tutub, müharibəni bitirməli idi;
Rusiya da 3 günə Kiyevi tutub, savaşı tam bitirməyi hədəfləyirdi;
Almaniya 8 həftəyə bacarmadı, payız düşdü, hücum dayandı, yalnız yer donandan sonra – noyabrda növbəti hücuma keçdi, buna qədər özünə gələn SSRİ isə hücumu dəf edə və almanları Moskvanın 27 km-liyindən uzaqlaşdıra bildi.
Rusiya da Kiyevi tuta bilmədi və yaxud tutmaq istəmədi, Ukraynanın gözləmədiyi güclü müqaviməti ilə “qan” itirdi; Kiyevin əks-hücumu isə Rusiyanı bəzi işğal etdiyi ərazilərdən geri ata bildi.
Hitler Almaniyası müharibənin bir ilinin tamamından sonra ikici böyük hücuma keçdi – cənub istiqamətində və Stalinqrada qədər gəlib çıxdı. Bu müddətdə Almaniyanın işğal etdiyi ərazilər birinci hücumda işğal etdiyi ərazilərin iki mislinə qalxdı;
Rusiya da ötən ilin ikinci yarısından “ikinci dalğaya” başlayıb və Ukraynanın əks hücum əməliyyatı zamanı azad etdiyi ərazilərdən ikiqat artığını ələ keçirib...
SSRİ yalnız müharibənin 3-cü ilinin tamamından sonra, ABŞ, Böyük Britaniyanın misilsiz texniki, maliyyə, qida yardımından, ikinci cəbhə həmləsindən sonra sərhədlərini işğaldan tam azad edə bildi...
İndi Ukraynada müharibənin 3-cü ili başlayıb – artıq ölkədə 2 il 3 aydır savaş gedir. Məhz indi Ukraynaya F-16-lar gəlməsi, uzaqmənzilli silahlardan Rusiya ərazisinə zərbələrin endirilməsinə razılıq, təlimatçıların birbaşa Ukrayna ərazisinə göndərilməsi həllini tapmaqdadır və çox güman ki, artıq yay aylarında hamısı və daha artığı reallaşacaq - bəziləri artıq gerçəkləşdirilir...
Kollektiv Qərb Rusiyaya qarşı “ikinci cəbhəni” tamamilə fərqli geosiyasi reallıqda inşa edir.
İkinci Dünya müharibəsində bütün ssenariləri cızan Böyük Britaniya – Çörçill idi.
İndi Çörçill qətiyyəti yoxdur, ancaq Ukraynaya uzaqmənzilli silahlardan tutmuş, bir çox yardımların edilməsində Britaniya öncüllük edib – Boris Consonu xatırlayın; indi də öncüllük edir...
Unutmayaq ki, Hitlerin də ilk illərdə xalq dəstəyi inanılmaz səviyyədə idi.
Sanki bu iki müharibənin ssenarisini bir nəfər yazıb; sanki bütün baş verənlər əvvəlcədən düşünülüb!
ABŞ-ın “yardımının” gecikməsindən tutmuş, aparılan “uzundərə” müzakirələrin də sanki hədəfi var – ssenari/plan üzrə, vaxt üzrə hərəkət, Rusiyanı daha içərilərə çəkmək, ən azı insan resurslarını xərcləməsinə şərait yaratmaq. Yoxsa hərbi büdcəsi 860 milyard dollar olan ABŞ üçün 50-60 milyardlıq yardımı təsdiqləməq niyə "taleyüklü" olsun ki!
Daha bir xatırlatma: ABŞ SSRİ-yə müharibə vaxtı 400 min yük maşını və cip, 14 min təyyarə, 8 min traktor, 13 min tank, 2,7 milyon ton neft məhsulu, 4,5 milyon ton qida, 1,5 milyon adyal, 15 milyon əsgər çəkməsi, 107 min ton pambıq, yüzminlərlə mərmi, silah-sursat və s. və i.a göndərmişdi.
Qəribə oxşarlıqlardır, olduqca qəribə və belə görünür ki, Ukrayna savaşı hələ çox davam edəcək; o qədər ki, əvvəlcədən yazılan ssenari ilə finiş əldə edilsin!
//Axar.az