Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini) Marek Pravda ilə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Polşa arasında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov iki ölkə arasında tərəfdaşlıq münasibətlərin, xüsusilə iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, təhsil, humanitar sahələr üzrə əməkdaşlığın inkişafında bu kimi səfərlərin, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin vacib rolu olduğunu vurğulayıb.
İki ölkə arasında ticarət dövriyyəsinin bu sahədə mövcud potensiala mütənasib olaraq artırılmasının, habelə iqtisadi-ticari sahədə perspektivlərin müzakirəsi baxımından Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyəti qeyd edilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz çərçivəsində görülən işlər və gələcək planlar barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində Polşa tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanlar olduğunu diqqətə çatdırıb.
Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə sahəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında normalaşma prosesindən bəhs edərək, bölgədə sülh quruculuğu üçün münbit şəraitin mövcud olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Daha sonra, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin və Polşa nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Polşa strateji tərəfdaşlığına dair məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub.