Fransa Azərbaycana görə “rus qanunu” qəbul edir - Rister

14:54 6 İyun 2024

Fransa Senatı Bakı Təşəbbüs Qrupunun müstəmləkəçiliyə qarşı fəaliyyətinə cavab kimi “Xarici agentlər haqqında qanun” layihəsini səsverməyə çıxaracaq.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Frankofoniya və xaricdəki Fransa vətəndaşları üzrə nazir-nümayəndə Frank Rister Senatda çıxışı zamanı deyib.

“Fransa Azərbaycan parlamentinin mayın 30-da Fransız Polineziyasının bəzi liderlərini dəvət etməsindən narahatdır. Biz bu praktikanı pisləməyə davam edəcək, eləcə də bu müdaxiləyə qarşı bir növ demokratik qalxan qurmaq üçün daha geniş şəkildə hərəkət edəcəyik. Bu qanun layihəsinin Avropa seçkilərinə bir neçə gün qalmış səsə qoyulması vacibdir. Bazar günü biz özümüzü xarici müdaxilədən qorumaq qabiliyyətimizi nümayiş etdirəcəyik”, - Rister bildirib.

Qeyd edək ki, Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul edərkən, Fransanın siyasi rəhbərlik etdiyi AB və kollektiv Qərb bunu “rus qanunu” adlandıraraq, Tiflisə inanılmaz təzyiqlər göstərirdilər. Hazırda isə AB məhz bu qanuna görə Gürcüstana sanksiya tətbiq etməyə və viza rejimini sərtləşdirməyə hazırlaşır.



Xəbər xətti