Hizbullah əks- hücuma keçdi! İsrailə 215 raket atıldı

12:07 13 İyun 2024

Livan Hizbullahı dünən 8 aydır davam edən qarşıdurmada İsrailə qarşı ən böyük hücumlarından birini həyata keçirib. Hücumlar İsrail ordusunun Hizbullahın yüksək rütbəli komandiri Talib Abdullanı öldürməsinə cavabdır.

Sitat.info xəbər verir ki, İsrail ordusu ötən gecə Livan sərhədindəki Couya kəndinə edilən hücumda Hizbullahın yüksək rütbəli komandiri Əbu Talib kimi tanınan Taleb Abdulla ilə birlikdə üç döyüşçünün öldürüldüyünü açıqlayıb.

Hizbullah hücumu təsdiqləsə də, Qətərdə yerləşən Əl-Cəzirə ilə danışan təhlükəsizlik mənbəsi Əbu Talibin səkkiz aydır davam edən qarşıdurmada öldürülən təşkilatın ən yüksək rütbəli üzvü olduğunu deyib.

Hizbullah hücuma İsrailin şimal bölgələrinə intensiv raket hücumu ilə cavab verib. İsrailin sərhəd bölgəsində 50-dən çox yaşayış məntəqəsində sirenlər səslənib. İsrail mediası 215-dən çox raketin atıldığını bildirib. Raketlərin bir qismi hava hücumundan müdafiə sistemləri ilə qarşısı alınarkən, meşəlik ərazilərə düşən raketlərin bir qismi kiçik yanğınlara səbəb olub. İsrail ordusunun radiosu cavab olaraq Livanın cənubuna intensiv hava zərbəsi endirdiyini açıqlayıb.

Türkan,

Sitat.info



Xəbər xətti