Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik üçün güclü normativ baza, iki qardaş ölkənin strateji tərəfdaşlığının “yol xəritəsi”, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır.
Sitat.info xəbər verir ki, bu fikri Azərtac -a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib.
Onun sözlərinə görə, bu gün hər iki ölkənin sakinlərinin 2021-ci il iyunun 15-də prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən imzalanmış bu tarixi sənədin əhəmiyyətini tam dərk etməsi çox vacibdir.
“Şuşa Bəyannaməsi təkcə Ankara və Bakı üçün deyil, bütövlükdə region üçün vacibdir - bu, regionda imzalanmış sənədlərin məntiqi zirvəsidir. Bu sənəddə 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə, 9 fevral 1994-cü il tarixli “Azərbaycan ilə Türkiyə arasında dostluğun və hərtərəfli əməkdaşlığın inkişafı haqqında” Sazişə və “Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 16 avqust 2010-cu il tarixli Protokola istinadlar var”, - deyə ekspert bildirib.
Kılıç qeyd edib ki, Azərbaycanın Milli Qurtuluş Günündə belə mühüm sənədin imzalanması çox əlamətdardır.
“Bu sənəd bir çox dövlətlərin və bütövlükdə Türk dünyasının inkişafı üçün geniş perspektivlər açır. Ümid edirəm ki, Ermənistan da bu şansdan yararlanacaq”, - deyə Türkiyənin keçmiş səfiri bildirib.
Kılıç Şuşa Bəyannaməsi ilə bağlı məlumatların məktəblərdə tarix dərsliklərinə salınmasına çağırıb.