Yasamal polisi narkomanlarla bacarmır? – Rəsmi

17:26 20 Aprel 2022

Ötən gün ATV-nin çəkiliş qrupu paytaxtın Yasamal rayon Zivərbəy Əhmədbəyov 10 ünvanındakı binanın narkomaniya yuvasına çevrilməsi barədə reportaj hazırlayıb. Görüntülərdəki ərazi Baku TV-nin aylar əvvəl çəkiliş etdiyi ərazi ilə eyni deyil, lakin rayon Yasamaldır.

Bu sözləri Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hər iki süjetdə eyni ünvanın adının keçməsi haqda danışarkən deyib.

“Əməkdaşlarımız artıq ərazidə olub, vəziyyətə yerində baxılıb. Növbətçi qrupları əraziyə təhkim olunub”, - E.Hacıyev bildirib.

Sözügedən əraziyə baxış keçirilməsində iştirak edən DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza bildirib ki, məsələ Yasamal rayon Polis İdarəsi əməkdaşlarının tam nəzarətindədir:

“Həmin ərazidə bu cür neqativ hallar bitməyənə qədər gücləndirilmiş şəkildə nəzarət tədbirləri davam etdiriləcək. Əlavə növbətçi qruplar da əraziyə təhkim olunub. 24 saat ərzində müvafiq tədbirlər həyata keçirilir. Hər hansı neqativ əmələ əl atan şəxslər aşkarlanarsa, həmin şəxslər barəsində qanunamüvafiq qaydada tədbir görüləcək. Baku TV aylar əvvəl Yasamalda çəkiliş edərkən, bizimlə koordinasiyalı şəkildə işləməyib, mövqeyimizi almayıb. ATV isə çəkiliş üçün bizə müraciət etdi. Məsələ əvvəlcədən nəzarətə götürüldü”.

Qeyd edək ki, Baku TV-nin məlum süjetindən sonra ərazi narkomanlardan təmizlənmiş və nəzarətə götürülmüşdü.



Xəbər xətti