Ölkədə açıq şəkildə kibercinayətlə məşğul olan bir dəstə fəaliyyət göstərir. Ən maraqlısı budur ki, bu dəstənin üzvləri arasında: tanınmış müğənnilər, iş adamları və İT sahəsi ilə məşğul olan proqramçılar var.
Nə qədər təəccüblü olsa da, bu dəstə heç kimdən çəkinmədən , yaratdıqları qruplaşmadakı şəxslərin imkanları vasitəsilə: jurnalistlərə, xəbər saytlarına öz şərtlərini diqtə edirlər.
Xoşlarına gəlməyən tənqidi videoları və yazıları şikayət etmək adı ilə saytlardan və sosial şəbəkə hesablarından sildirirlər, hətta yeri gələndə kanalları belə bağladırlar.
Şəxsən mənim başıma belə bir iş gəlib, bir aydır ki, bu qruplaşma ilə mübarizə aparıram, faydası yoxdur. Elə bu səbəbdən də, mövzunu içtimailəşdirmək, əlaqədar rəsmi qurumların diqqətini bu məsələyə yönəltmək qərarına gəldim.
Təxminən bir ay bundan əvvəl, MTV adlı televiziya kanalında Tarix Əliyevin (Tolik) aparıcısı olduğu verilişdə belə bir məlumat səsləndi ki, Rusiyada tanınmış iş adamlarından olan – “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev müğənni Manaf Ağayevin doğum günü şənliyində əməkdar artist Vasif Məhərrəmli ilə dava edib.
Həmin ad günü “partisi” Manaf Ağayevin Novxanıdakı bağ evində keçirilib. Belə məlumat verildi ki, dava müğənni Mətanət Əsədovanın üstündə düşüb. Bu xəbəri bir çox saytlar kimi biz də tirajladıq.
Sonra gördüm ki, xəbər saytlardan silinib. Bizim “yotube” və “tik-tok” kanallarımızda həmin xəbərə kütləvi baxış oldu. Ümumi baxış sayı milyonları keçdi.
Bir çox tanınmış və nüfuzlu adamlar vasitəsilə məndən məlumatın silinməsi xahiş olundu və əvəzinfə istənilən hörməti edə biləcəklərini dedilər. Həmin adamlar mənim “Pokrov Məhərrəm”lə telefon danışığımı da təşkil etdilər.
Ozünə də izah etdim ki, yayılan informasiya başqa kanallara istinadən verilib və şəxsinə qarşı heç bir qərəzim yoxdur. Məhərrəm xeyriyyəçi olduğunu bildirdi, məscid tikdirdiyini, kimsəsizlərə yardım etdiyini mənə xatırlatdı.
Dedim ki, göndən xeyriyyəçilik etdiyinə dair videoları da paylaşaq. Razılaşmadı, israrlı tələbi bu oldu ki, videolar silinsin.
Təbii ki, razılaşmadım. Sonra arada olan adamlar hədə tonu ilə bildirdilər ki, onda “Pokrov Məhərrəm” deyir ki, nə qədər lazımdırsa, pul buraxıb, həmin məlumatların getdiyi hesabları dağıtdıracaq.
Bunu deyən adama bildirdim ki, Məhərrəm belə addım atarsa, cinayətə yol vermiş olar. Çünki bu, killer tutub məni öldürməyə bərabər bir addımdır. Nə fərqi var, ya məni öldütdür, ya da min bir əziyyət hesabına ərsəyə gətirdiyim kanalları dağıt…
Qeyd edim ki, “Pokrov Məhərrəm” Rusiyadan 5 illik deport edilib, bu səbəbdən də Azərbaycanda yaşayır. Bu adam şou biznes nümayəndələri arasında görünməyi əsl hobbisinə çevirib.
Üstündən bir gün keçdi, baxdım ki, “yotube” kanalımızda yerləşdirilən həmin videodan şikayət edilib. Maraqlandım və gördüm ki, şikayəti edən Xalid adlı bir adamdır. Tapıb onunla əlaqə saxladım, mənə açıq dedi ki, o, proqramçıdır və ödəniş müqabilində belə işləri görür. Mənə dedi ki, belə şikayət verməkdə qanunsuz nəsə yoxdur.
İzah etdim ki, mediada gedən materialları bu üsulla saytdan sildirmirlər. Bunun üçün Məhkəmələr var. Kim narazıdırsa, gedib ora müraciət etsin və sənin bu işlərə müdaxilən kibercinayət sayılır. Dediklərimi anlayışla qarşılayıb, şikayətini geri çəkdi.
Amma sonra ard-arda iki şikayət Manaf Ağayevin, bir şikayət isə Məhərrəm Quliyevin (“Pokrov”) adından edildi. Şikayətlərə zamanında cavab vermədiyimiz üçün “yotube” kanalımız bağlandı.
İşə jurnalist həmkarımız Məhəmməd Türkmən qarışdı və Xalid şikayəti geri çəkdiyi üçün kanalımızı aça bildik. Ancaq iki şikayət geri çəkilməlidir ki, gələcəkdə kanalımızın bağlanma risqi aradan qaldırılsın.
Adından şikayət edilən Manaf Ağayevlə əlaqə saxladım. Bu işlərdən xəbəri olmadığını dedi. Təklif etdim ki, şəxsiyyət vəsiqəsilə birlikdə video çəkib, videonu “yotube”a göndərək ki, bizdən şikayəti olmadığı təsdiqlənsin Görüşüb, bunu etdik. Hətta birlikdə bu görüşə dair video da paylaşdıq.
Ən maraqlısı bundan sonra oldu. Həmin görüşdən yarım saat sonra Manaf Ağayev məni yığıb dedi ki, “Pokrov”la danışıb, mən “tik-tok”da 800 min baxışı olan videonu silsəm, Məhərrəm iki şikayəti də geri çəkə bilər.
Manaf Ağayevdən soruşdum ki, bəs deyirdin Məhərrəmin bu işlərdə əli yoxdur… Manaf cavab verdi ki, Məhərrəmə hörməti olan dostları bunu edib, xahiş etsə, onu eşidəcəklər. Manafın bu təklifindən sonra tam əmin oldum ki, mənim kanalımı bağladan məhz bu şəbəkədir.
İş burasındadır ki, bu şəbəkə xarici şirkət vasitəsilə Azinforum.az saytından da şikayətlər edib. Saytın fəaliyyətini iflic ediblər. Saytdan edilən şikayətlər də birbaşa Məhərrəm Quliyevin adından olunub. Bütün bunları təsdiq edən sənədləri şərh bölümündə paylaşıram.
Bunun bir adı var, dövlətin qanunlarına meydan oxumaq. Hesab edirəm ki, əlaqədar qurumlar mütləq mənada bu cür pullu adamlara proqramistlik adı ilə “killerlik” fəaliyyəti göstərən çevrəni müəyyənləşdirib, məsuliyyətə cəlb etməlidir.
Bunlar bir toyu 10-15 min manata oxuyub, heç vergisini də ödəmirlər. İndi də bu pullarla da gəlib ölkənin informasiya təhlükəsizliyinə açıq təhdid yaradırlar. Əgər belə bacarıqları varsa, onda niyə xaricdən ölkəmizə söyüş yağdıran kanalları bağlatmırlar?
Əminəm ki, əlaqədar qurumlar bu qruplaşma barədə lazımi ölçünü götürəcək. Çünki bunların qarşısı alınmasa, daha ciddi fəsadlara yol açan addımların şahidi ola bilərik…
//Azinforum.az