Ermənistan Fələstin dövlətini rəsmən tanıdığını bəyan edib.
Sitat.info xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında Fələstin dövlətinin Ermənistan tərəfindən rəsmən tanındığı bildirilib.
“Ermənistan beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir və Fələstin dövlətini tanıyır”, - bəyanatda deyilir.
Bəyanatda Ermənistanın Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Qəzzada dərhal atəşkəs tələb edən qətnamələri ilə razılaşdığı qeyd edilib və bu ölkənin iki dövlətli həll yolunu dəstəklədiyi vurğulanıb.
Ardınca İsrail Ermənistanın Təl-Əvivdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Ermənistanın İsraildəki səfirinin ölkəsinin Fələstini tanımaq qərarını pisləmək üçün Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.
Fələstin Ermənistanın bu qərarından məmnundur
Fələstinin rəsmi agentliyi olan WAFA tərəfindən yayımlanan xəbərdə Prezidentliyin məsələ ilə bağlı bəyanatı yer alıb.
Bəyanatda Ermənistanın Fələstin dövlətini müstəqil və suveren dövlət kimi tanıması qərarının alqışlandığı və yüksək qiymətləndirildiyi bildirilib.
Seymur,
Sitat.info