Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb.
Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, qərb küləyi bəzi yerlərdə arabir güclənib. Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 35 mm, Şəkidə 34 mm, Zaqatalada 21 mm, Balakəndə 10 mm, Oğuzda 8 mm, Daşkəsəndə 7 mm, Gədəbəydə 6 mm, Göygöl, Şəmkir, Qrız, Şahbuz, Gəncədə 5 mm-dək olub.
İyunun 25-i saat 17:11 radələrində Qobustan rayonu Sündü kəndinə diametri 15 mm, iyunun 26-sı saat 08:24 radələrində Şirvan rayonuna 4 mm, saat 06:04-06:06 radələrində Zaqatala rayonuna 6 mm, saat 08:29 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinə 8 mm, Oğuz rayon Xaçmaz və Xaçmazqışlaq kəndləri ərazisinə isə gecə saatlarında diametri 5 mm olan dolu düşüb.
İyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcə isti olub.
***
Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Quba, Qusar, Qax (Sarıbaş), Şamaxı, Qəbələ, Zaqatala, Qobustan, Xaltan, Xaçmaz, Göyçay, Zərdab, Şabran, Altıağac, Lerik, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Oğuz və Neftçalada 15-20 m/s təşkil edir.
Şamaxı rayonu Ərçiman kəndinə diametri 4-5 mm, Çuxuryurd kəndinə 10 mm, Gədəbəy və Daşkəsən rayonunlarına 12 mm diametrində dolu düşüb.
Yağan leysan yağışlar nəticəsində hazırda Kişçay, Şinçay və Ağsuçaydan sel keçir.