General vəzifəsindən azad edildi

17:05 27 İyun 2024

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib.

Sitat.info Trend-ə istinadən xəbər verir ki, general Salahov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Onun vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib.

Qeyd edək ki, N.Mövlanov 1998-ci ildən Azərbaycan Ordusunun N saylı hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlayıb. O, 2014-cü ildə Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısının alınması zamanı yaralanıb.

1998-2015-ci illərdə müxtəlif hərbi hissələrdə fərqli vəzifələrdə xidmət edən zabit N.Mövlanov 2015-ci ildən 2018-ci ilin aprelinə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərкəzində (TTM) baş müəllim işləyib. 2019-cu ildən isə ön cəbhədə müdafiə məqsədli əməliyyatlarda N saylı hərbi hissənin qərargah rəisi olaraq xidmət edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələri veteranı” medalları, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə də təltif edilib.

Nizami Mövlanov bu təyinatadək Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini vəzifəsində xidmət edib.



Xəbər xətti