Bu gün Aşuradır - qəhrəmanlıq, mərdlik, şücaət günü...

10:34 16 İyul 2024

Düşdü yenə dillərə qəm nohəsi...

Aləmi doldurdu "Hüseyn vay" səsi...

Bu gün Aşuradır. Qəhrəmanlıq, mərdlik, şücaət günüdür. Haqq üçün qurban vermək günüdür. Canından keçməyi bəlkə də çox insan bacarar. Amma 6 aylıq körpəsindən, cavan oğlundan, qardaşından, ailəsindən keçməyi, onların gözü önündə şəhid olmasına, qız-qadınlarının əsir düşməsinə, məhz İslam yaşasın deyə öz iradəsi ilə razı gəlməyi yalnız İmam Hüseyn bacarardı.

Bu gün Haqq nazilər, amma üzülməz dediyimiz gündür.

Kərbəla dünya durduqca yaşayacaq.

Çünki onu Həzrəti Zeynəb yaşadıb. Bir gündə bütün əzizləri şəhid olan Zeynəb. Əlinin qızı Zeynəbin səsi var Aşurada...

Aşuranı dərk etməyə hər məntiqin gücü yetməz. Meydanda məğlubiyyət, amma tarixdə ƏBƏDİ QƏLƏBƏ!

Aşura – hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də "onuncu gün" deməkdir. Hicri təqvimlə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci ilin oktyabrı) Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi Imam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla çölündə dövrün xəlifəsi Yezidin ordusu ilə döyüşərək şəhid olublar.

Nərgiz,

Sitat.info 

 

 



Xəbər xətti