Azərbaycanda ölüyə hökm oxundu

16:40 16 İyul 2024

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə arvadını balkondan ataraq qəsdən öldürən Ramiz Taxveliyə hökm oxunub.

Sitat.info Unikal.org-a istinadla xəbər verir ki, ilk olaraq dünyasını dəyişən Adelyanın qardaşı Ayaz Süleymanov şahid qismində ifadə verib: "Mənim bacımın uşaqlıqdan psixoloji problemləri olub. Hadisə vaxtı mən orada olmamışam. Ailəli olduqları dövrdə çox mehriban olublar. Sonra Ramizdə də psixoloji problemlər müşahidə olunmağa başladı. Bacımın uşaqlarını anam saxlayır".

Şahidin çıxışından sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikrini öyrənib və dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib. O bildirib ki, Ramiz Taxvelinin ölümü ilə əlaqədar təqsirli bilinsin, ancaq ölümü ilə əlaqədar ittiham edici hökm çıxarılmasın.

Hakim Rasim Sadıxov müşavirədən qayıtdıqdan sonra dövlət ittihamçısının ittihamını dəstəkləyərək Ramiz Taxvelini təqsirli bilsə də, ittiham edici hökm çıxarmayıb.

Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. İttihama əsasən Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə, psixatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

Xatırladaq ki, Ramiz Taxveli “Buta Palace”ın keçmiş art direktoru olub və bu ilin əvvəlində müalicə aldığı psixiatriya xəstəxanasında vəfat edib.

Onu da qeyd edək ki, Adelya Taxveli mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının oğlu idi.



Xəbər xətti