Onlar deputat olmaq istəmədilər

16:20 17 İyul 2024

Ümid Partiyasının sədri İqbal Ağazadə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Sitat.info APA-ya istinadən xəbər verir ki, bu barədə İqbal Ağazadə özü bildirib.

O deyib ki, rəhbərlik etdiyi partiyanın İdarə Heyəti namizədlərin siyahısını hazırlayıb müvafiq qaydada təqdim etsə də, onun bu dəfə keçiriləcək seçkilərdə iştirak etməsinə ehtiyac görməyib: “Ümid Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək 30 nəfərdən yuxarı namizədi sənədlərini müvafiq qaydada dairə seçki komissiyalarına təqdim edib.

Mənə gəlincə, Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini bildirib.

“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini əsasən yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəyəm”, - deyə o bildirib.

Müsavat Məclisinin sədri Arif Hacılı da sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini verməyəcək.

O bununla bağlı açıqlamasında belə bir planının olmadığını bildirib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini deyib.

O bildirib ki, partiya tərəfindən müxtəlif dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü bəyənilib: “Seçkidə iştirak etmək üçün Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərinin siyahısı artıq hazırdır. Onu da bildirmək istəyirəm ki, mən budəfəki seçkidə iştirak etməyəcəyəm. Lakin hazırkı deputat yoldaşlarımızdan Fəzail İbrahimli və Rafael Hüseynovun namizədliyi partiya tərəfindən yenidən irəli sürülüb. Dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü dəstəklənib. Onların arasından Milli Məclis üzvlüyünə namizəd qismində müəyyənləşdiriləcək şəxslərin yekun siyahısı müəyyənləşdirildikdən sonra bu ayın sonunda müvafiq qaydada təqdim ediləcək”.

Qeyd edək ki, Sabir Rüstəmxanlının ötən çağırış deputat olduğu dairədən onun həyat yoldaşı Tənzilə Rüstəmxanlı namizəd olacağını açıqlayıb.



Xəbər xətti