Kampaniyaya start verən Kamala Harrisdən "seçkiləri qazanacağıq" mesajı...

11:45 24 İyul 2024

ABŞ prezidenti Co Baydenin yarışdan çəkilməsindən sonra Demokratların namizədi olmuş vitse-prezident Kamala Harris ilk seçki kampaniyası mitinqində noyabrın 5-də keçiriləcək seçkiləri qazanacağına söz verib.
Sitat.info xəbər verir ki, Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdığı ərəfədə,  Harris Viskonsin ştatında keçirdiyi ilk seçki mitinqində demokratlara bir çox mövzuda ümid verib. 

Baydenə ona güvəndiyi və namizəd kimi irəli sürdüyü üçün təşəkkür edən Harris, onun bu etimada xəyanət etməyəcəyini və Trampı məğlub edərək prezident seçkilərində qalib gələcəyini deyib. 

Viskonsinin prezident seçkilərində kritik əyalətlərdən biri olduğunu xatırladan Harris, Respublikaçı rəqibi Donald Trampı əvvəlcə Viskonsin, sonra isə digər ştatlarda məğlub edəcəklərinə inandığını bildirib.

İqtisadiyyatdan sosial sahələrə qədər bir çox mövzuda Demokratik prinsipləri müdafiə etməyə davam edəcəklərini vurğulayan Harris, "Mübarizəmiz gələcək üçündür, mübarizəmiz azadlıq üçündür. Donald Tramp isə ölkəmizi keçmişə aparmaq istəyir" - deyib. 

Amerika dəyərləri uğrunda Trampla mübarizə aparmağa hazır olduğunu ifadə edən Harris, bütün demokratları bir dam altında toplamalı olduğunu və bunun üçün hər şeyi edəcəyini qeyd edib.

Demokrat Partiyasının prezidentliyə namizədliyini qazanmaq üçün lazım olan nümayəndə sayına çatdığını ifadə edən Harris, partiya bazasına və seçicilərə təşəkkür edib.

Xatırladaq ki, bazar günü, iyulun 21-də X hesabında verdiyi açıqlamada ABŞ prezidenti Bayden prezidentlik yarışından çəkildiyini və vitse-prezident Kamala Harrisin onun yerinə keçməsini tövsiyə etdiyini açıqladı.Demokraların nümayəndə heyətinin yarıdan çoxunun dəstəyini qısa zamanda qazanan Harris bununla da partiyanın prezidentliyə namizədliyi üçün tələb olunan nümayəndə sayına çatdı.

Demokratlar Partiyasının prezidentliyə namizədi avqustun 19-22-də Çikaqoda keçiriləcək partiya qurultayında rəsmən müəyyənləşəcək.

Nərgiz,

Sitat.info



Xəbər xətti