Xəbər verdiyimiz kimi, dünən Xalq artisti Ağadadaş Ağayevin “MedEra” hospitalının gözətçisiylə əlbəyaxa mübahisəsinin görüntüləri sosial şəbəkədə yayıldı. Yayılan görüntülər cəmiyyətdə şok effekti yaratdı. Məsələnin təəssüfləndirici digər bir tərəfi isə ondan ibarətdir ki, orada olan insanlar baş verən hadisəyə çox laqeyd yanaşaraq məsələyə müdaxilə etmirlər.
Məsələ ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında hadisəyə reaksiya verərək bildirib ki, kadrlarda insanların küçədə döyülən, xəsarət alan və əzab verilən bir şəxsə qarşı laqeyd davranışının şahidi oluruq və bu, olduqca düşündürücü bir haldır.
Çingiz Qənizadənin sözlərinə görə, Ağadadaş Ağayevin hərəkətlərindən hiss olunur ki, o güclü ruhi həyəcan vəziyyətindədir, yəni onu bu vəziyyətə gətirən səbəb araşdırılmalıdır:
“Azərbaycanın Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən hadisə təbii ki, təəssüf doğurucu bir hadisədir. Ağadadaş Ağayev həm Xalq artistidir, həm cənab Prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmiş sənətkarlardan biridir.
Digər tərəfdən isə o, dövlət qarşısında xidmətləri olan, dövlət tədbirlərində aktiv və təmənnasız iştirak edən bir sənətkardır. Hadisənin digər bir tərəfi odur ki, hazırda Ağadadaş Ağayev ciddi onkoloji xəstədir. Eyni zamanda, həmin “MedEra” klinikasında qulağından da əməliyyat olunub. Halının pis olduğunu görən sənətçi mühafizə xidmətinə zəng edərək kömək istəyib. Lakin kobudluqla qarşılanıb. Aralarında nə olduğunu bilmirəm. Sadəcə olaraq, sənətçi o həddə çatdırılıb ki, evə gedib, təzədən evdən əlində balta ilə geri qayıdaraq ona kobudluq etmiş mühafizəçiyə cavab vermək istəyib. Baltanın uzaqdan atılması isə düzünə qəsd deyil. Sadəcə emosiya içərisində olan bir şəxsin etdiyi hərəkətdir. Təbii ki, biz bunu qınayırıq. Bu, Xalq artistinə yaraşan bir hərəkət deyil. Amma eyni zamanda, biz hadisəni törədən səbəbləri araşdırsaq, məlum olacaq ki, Ağadadaş Ağayevi bu həddə çatdırma halı o qədər güclü olub ki, o evə gedib və yenidən geri dönüb. Görünür ki, Ağadadaş Ağayev təhqir olunub, ona qarşı söyüşlər işlədilib, alçaldılıb. Bütün bunlara hüquq mühafizə orqanları qiymət verəcək”.
Ç.Qənizadə deyib ki, mühafizəçinin sənətçi Ağadadaş Ağayevə əl qaldırması, dözümsüzlük nümayiş etdirməsi, onu vuraraq döyməsi, yerə yıxıldıqdan sonra köməksiz vəziyyətdə belə onun üzünə təpik ilə vurması və təkrar hücumlara cəhdlər etməsi bağışlanan hal deyil:
“Hüquq-mühafizə orqanları bu mühafizəçini dərhal saxlamaqda çox düzgün addım atıblar. Qeyd olunur ki, balta guya orada hansısa bir qadın əməkdaşın ayağına dəyib və s. O da inandırıcı deyil. Hələlik belə bir halın olması mətbuata sızmayıb və video görüntülərlə təsdiq olunmur. Yəqin ki, bu, mühafizəçini müdafiə etmək istəyən şəxslərin uydurmasıdır.
Məni əsas narahat edən məqamlardan biri odur ki, bu yaşda Azərbaycanın tanınmış Xalq artistinə qarşı küçədə zorakılıq edilir və insanlar oradan laqeydcəsinə gedib-gəlirlər, hadisəyə sadəcə kənardan baxırlar və yerə yıxılmış sənətçini mühafizəçinin əlindən almağa cəhd göstərmirlər. Hətta, deyəsən mühafizəçi əvvəllər məhkum olunub. Bütün bunlar məni çox sarsıtdı. İnsanlarda bu laqeydlik hardandı? Niyə orada olan insanlar vətəndaşlıq borcunu yerinə yetirib Ağadadaş Ağayevi mühafizəçinin əlindən daha tez almadılar və o yerə yıxıldıqdan sonra növbəti dəfə üzünə zərbələr vurulmaqla ona xəsarət yetirilməsinə göz yumdular. Bunlar hamısı elə mətbuatda müzakirə olunmalıdır.
Hesab edirəm ki, hüquq-mühafizə orqanları Ağadadaş Ağayevin o həddə çatdırılmasına hüquqi qiymət verəcək. Hətta Ağadadaş Ağayevin əməllərində müəyyən qanun pozuntusu halları olmuş olsa da, onun dövlət və xalq qarşısında göstərdiyi xidmətlər və Prezident tərəfindən ona verilmiş fəxri adlar nəzərə alınmaqla bu işin istintaqı obyektiv araşdırılacaq”.
Çingiz Qənizadə əlavə edib ki, insanlar qəddarlaşır və çox laqeydləşirlər:
“Bu, bizim hamımızı düşünməyə vadar edən ciddi məqamlardan biridir”.