“Forbes” siyahısında yer alan 14 rusiyalı iş adamı sanksiyalara, valyuta və bazarların çökməsinə baxmayaraq, 2022-ci ildə sərvətlərini artıra bilib.
Qafqazinfo Regnum-a istinadən xəbər verir ki, nəşr sözügedən şəxslərin bir neçəsinin adını öz saytında dərc edib.
Siyahıda sərvəti 2021-ci ildən bu günə qədər ən nəzərəçarpacaq dərəcədə artan iş adamı “Revolut” şirkətinin təsisçisi Nikolay Storonskiy olub. Belə ki, onun sərvəti 1,2 milyard dollardan 7,1 milyard dollara qədər artıb.
“DST Global” fondlar qrupunun təsisçisi Yuri Miller isə il ərzində sərvətini 2,5 milyard dollar artıraraq 7,3 milyard dollara çatdırıb.
“RTP Global/RTP Ventures” və digər fondların sahibi Leonid Boquslavskiyin sərvəti isə 2022-ci ildə 4,7 milyard dollara qədər yüksəlib.
Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovun sərvəti isə 300 milyon dollar artaraq 1,7 milyard dollara çatıb.
Xatırladaq ki, Böyük Britaniya aprelin 13-ü Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bununla da, Rusiyadan olan daha 206 fiziki və hüquqi şəxs sanksiyalar siyahısına əlavə edilib. Siyahıda Fərhad Əhmədovun da adı var.