Qəzzada yaşanan faciələrə laqeyd qala bilmərik" - Harris Netanyahu ilə sərt danışdı

12:36 26 İyul 2024

ABŞ vitse-prezidenti Kamala Harris  Baydenlə görüşən Netanyahunu Ağ Evdə ayrıca görüşdə qəbul edib. İkili kameralar qarşısına keçərək görüşdən əvvəl heç bir açıqlama verməyib.

Görüşdən sonra kameralar qarşısına keçən Harris Netanyahu ilə əhatəli görüş keçirdiklərini və Yaxın Şərqlə bağlı gündəmi dəyərləndirdiklərini bildirib.

Harris İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu və ABŞ-ın bu mövzuda İsrailə hər cür dəstəyi davam etdirəcəyini vurğulayıb.

"Son 9 ayda Qəzzada baş verənlər həqiqətən dağıdıcıdır. Baş nazir Netanyahuya Qəzzada humanitar əzabların miqyası, o cümlədən bu qədər günahsız mülki şəxsin ölümü ilə bağlı ciddi narahatlığımı çatdırdım. Açıq şəkildə bu barədə ciddi narahatlığımı bildirdim".

Qəzzada təcili humanitar vəziyyətə toxunan Harris, ən azı yarım milyon insanın ciddi aclıqla üzləşdiyini bildirib: "Ölən uşaqları və aclıqdan çarəsiz qalan və təhlükəsizlik üçün yaşadıqları yerdən qaçan insanları gördük. Bu faciələrə üz çevirə bilmərik. Bu əzablara laqeyd ola bilmərik. Mən də olmayacam, səssiz qalmayacam". .

İsrailin ifrat sağçı nazirləri Harrisi hədəfə alıblar...
 İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben Qvir və maliyyə naziri Bezalel Smotriç Qəzza zolağında atəşkəs çağırışı etdiyi üçün Kamala Harrisi hədəf alıblar.

Ben-Qvir sosial media hesabındakı paylaşımında heç kimin adını çəkmədən “Atəşkəs olmayacaq, qadın namizəd!” deyib. 

Smotriç də sosial media hesabından verdiyi açıqlamada Harrisin çağırışına qarşı çıxıb.

 Qeyd edək ki, Kamala Harris Netanyahu ilə görüşündə Qəzzada atəşkəs razılaşmasının əldə edilməsinin vaxtının gəldiyini və məhbusların evlərinə qayıtmalı olduğunu deyib. 

 "Gəlin bu razılaşmanı edək və müharibəni atəşkəslə bitirək. Məhbusları evlərinə qaytarmalıdır və Fələstin xalqına çox ehtiyac duyduqları yardımlar təmin edilməlidir".  

Xatırladaq ki, Harris bir gün əvvəl Netanyahunun Konqresdə etdiyi çıxışa da qatılmayıb və sessiyaya sədrlikdən imtina edib.

Nərgiz,

Sitat.info



Xəbər xətti